Avropa İttifaqı Gürcüstanla bağlı sərt hesabat yayımlayıb

Gürcüstanda 2025-ci ildə repressiv tədbirlər və qanunlar nəticəsində insan hüquqları ciddi şəkildə məhdudlaşdırılıb. Bu barədə Avropa İttifaqının insan hüquqları və demokratiya ilə bağlı illik hesabatında qeyd olunub.

Hesabata görə, həyata keçirilən tədbirlər bərabərlik və ayrı-seçkiliyin qadağan olunması, ifadə, toplaşma və birləşmək azadlığı, eləcə də şəxsi və ailə həyatına, azadlıq və təhlükəsizliyə dair fundamental hüquqları pozub.

Sənəddə bildirilir ki, 2025-ci ildə hüquq-mühafizə orqanlarının etiraz aksiyalarının iştirakçılarına qarşı qeyri-münasib rəftarı geniş yayılıb. Bəzi hallarda bu rəftar işgəncə, qeyri-insani və ləyaqəti alçaldan davranış səviyyəsinə çatıb.

Hesabatda qeyd olunur ki, hüquq pozuntularına görə heç bir şəxs cəzalandırılmayıb və bu, cəzasızlıq mühitinin yaranmasına səbəb olub.

Bundan əlavə, özbaşına həbslər, həbs qətimkan tədbirindən həddindən artıq istifadə, eləcə də etirazçılar və jurnalistlərə qarşı qeyri-mütənasib sərt cəzaların tətbiqi ədalətli məhkəmə hüququ ilə bağlı narahatlıq doğurub.

Hesabata əsasən, nümayişlərdə iştirak edən qadınlara qarşı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən fiziki zorakılıq, seksual təqib, zorlama və ölümlə hədələmə hallarının baş verdiyi də qeydə alınıb.

Sənəddə yeni qanunvericilik dəyişikliklərinin, o cümlədən yayım haqqında qanunun, xarici agentlərin qeydiyyatı ilə bağlı qanunun və ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi ilə bağlı qanunvericilik paketinə edilən dəyişikliklərin ifadə azadlığına və medianın sərbəst fəaliyyətinə mənfi təsir göstərdiyi bildirilib.

“Jurnalistlərin və media nümayəndələrinin qorxudulması, təhdid edilməsi, şifahi və fiziki zorakılığa məruz qalması, həmçinin özbaşına həbsləri ilə bağlı məlumatlar geniş yayılıb.

Gürcüstanda demokratiyanın vəziyyəti əhəmiyyətli geriləmə ilə xarakterizə olunub. Gürcüstan hakimiyyəti vətəndaş cəmiyyəti, media nümayəndələri və müxalifət liderlərinə qarşı demokratik qərarların qəbul edilməsinə və proseslərə ciddi zərər vuran repressiv tədbirlər həyata keçirib. Bu tədbirlər faktiki olaraq vətəndaşların iştirakını, eləcə də nəzarət və tarazlıq sistemini aradan qaldırıb”, – deyə hesabatda qeyd olunub.

Hesabata görə, bir sıra vətəndaş cəmiyyəti təşkilatlarının bank hesablarının dondurulması ilə hakimiyyət ədliyyə sistemindən repressiya və siyasi təqib vasitəsi kimi istifadə edib. Bununla təşkilatların zəruri maliyyə resurslarına çıxışının məhdudlaşdırıldığı və fərqli fikirlərin susdurulmasına çalışıldığı bildirilib.

Sənəddə həmçinin vətəndaş cəmiyyəti və tənqidi səslərin təhdidlərlə üzləşdiyi, düşmən ritorikasının, təhdidlərin və zorakılığın getdikcə daha çox yayıldığı vurğulanıb.

Hesabatda siyasi plüralizmin də təhlükə altında olduğu qeyd edilir. Buna səbəb kimi hakim partiyanın bir sıra müxalifət partiyalarının Konstitusiya Məhkəməsi vasitəsilə qadağan edilməsinə çalışması göstərilib.\

“Vətəndaş cəmiyyətinə qarşı siyasi motivli təqiblər və müxalifət liderlərinin həbsi fundamental demokratik dəyərlərə ziddir”, – deyə Avropa İttifaqının hesabatında bildirilib.