ABŞ Yəməndə 150-dən çox mülki şəxsə ciddi zərər vurulmasına görə məsuliyyət daşıdığını ilk dəfə etiraf edib

Pentaqon ABŞ qüvvələrinin 2025-ci ildə Yəmənə endirdiyi zərbələr nəticəsində 150-dən çox mülki şəxsin öldüyünü müəyyən edib.

Bu barədə "The Washington Post" məlumat yayıb.

Qəzetin məlumatına görə, Pentaqonun apardığı daxili araşdırmanın nəticələrinə əsasən, ABŞ-ın 2025-ci ildə Yəməndə silahlı qruplaşmalara qarşı əməliyyatları zamanı həyata keçirdiyi hava zərbələri nəticəsində 153 mülki şəxs həlak olub, təxminən 250 nəfər yaralanıb.

Nəşr qeyd edir ki, bu, ABŞ Müdafiə Nazirliyinin həmin münaqişədə döyüşlərdə iştirak etməyən şəxslərə ciddi zərər vurulmasına görə məsuliyyət daşıdığını ilk dəfə etiraf etməsidir.

Məlumata görə, Pentaqon araşdırmanın nəticələrini yaxın aylarda açıqlamağı planlaşdırır. Araşdırma yalnız ABŞ-ın Yəmənə endirdiyi zərbələri əhatə edir və İrana qarşı həyata keçirilən hücumlara şamil olunmur.