Ağ Ev İsrael Katzın açıqlamasından narazıdır: ABŞ Livanın ərazi bütövlüyünü tam dəstəkləyir

ABŞ administrasiyası İsrail müdafiə naziri İsrael Katzın iyun ayında əldə edilən çərçivə razılaşmasına zidd olaraq İsrail Müdafiə Qüvvələrinin Livanın cənubunda uzun müddət qalacağına dair açıqlamasını tənqid edib.

Məlumatı Axios jurnalisti Barak Ravid ABŞ Dövlət Departamentinin adı çəkilməyən rəsmisinə istinadən sosial mediada paylaşıb: "Birləşmiş Ştatlar bütün tərəflərdən əldə etdikləri çərçivə razılaşmasına uyğun hərəkət etmələrini gözləyir və İsrail açıq şəkildə Livanda ərazi ambisiyalarının olmadığını bildirib. Livanın cənubunda daimi hərbi mövcudluq müqavilədə göstərilən öhdəliklərlə yanaşı, hər iki dövlətin uzunmüddətli sülhü və təhlükəsizliyi ilə də ziddiyyət təşkil edir".

Departament rəsmisi ABŞ-ın "Livanın ərazi bütövlüyünü və suverenliyini tam dəstəklədiyini" vurğulayıb.

Ravid əlavə edib ki, Ağ Ev Katzın çərşənbə günü Livanın cənubuna səfəri zamanı İsrail hərbi mövcudluğunun qeyri-müəyyən müddətə davam edəcəyi barədə verdiyi açıqlamanın "İsrail hökumətinin götürdüyü öhdəliklərə zidd olduğuna" əmindir.

Dövlət Departamentinin sözçüsü izah edib ki, "çərçivə razılaşması Hizbullahın təsdiqlənmiş tərksilah edilməsi və infrastrukturunun sökülməsi ilə əlaqəli şərti, mərhələli yenidən yerləşdirmə yolunu açıq şəkildə göstərir”: “Livan Silahlı Qüvvələri ilk pilot zonalarını həyata keçirəcək və ABŞ bu prosesin tam şəkildə həyata keçirilməsini dəstəkləməyə davam edəcək".