ABŞ növbəti dəfə Bəxtiyar Hacıyevin işilə bağlı narahatlığını bildirib

Operativtv.com Turana istinadən xəbər verir ki, ABŞ növbəti dəfə  fəal Bəxtiyar Hacıyevin işilə bağlı Azərbaycana narahatlığını bildirib.

"Bu, bizim azərbaycanlı tərəfdaşlarımızla birbaşa əməkdaşlıq etdiyimiz bir işdir", - brifinq zamanı Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays Turan-ın Vaşinqtondakı müxbirinin sualına cavabında deyib.

"Bütün dünyada biz universal hüquqların tərəfdarıyıq... – fikrin ifadə olunması azadlığı hüququ universal bir hüquqdur. O, ancaq müəyyən ölkələrdəki adamlara şamil edilmir. ... Bu, bütün dünyada adamlara tətbiq olunan hüquq və prinsipdir. Hər dəfə universal hüququn sistematik olaraq və ya konkret hallarda təhlükə altında olduğunu gördükdə, tərəddüd etmədən bu narahatlıqla bağlı məsələ qaldırırıq".

Azərbaycana gəlincə, Prays qeyd edib: "Biz bu narahatlıqları azərbaycanlı tərəfdaşlarımızla açıq və fərdi qaydada qaldırdıq".

Bundan öncə ABŞ Dövlət Departamenti, senatorlar Durbin və Kardin iki dəfə Bəxtiyar Hacıyevi azad etməyə çağırıblar. Keçmiş dövlət katibi Hillari Klinton da onun müdafiəsinə qalxıb.

Dekabrın 9-da "xuliqanlıq" və "məhkəməyə hörmətsizlik" ittihamı ilə həbs olunan Bəxtiyar Hacıyev 50 gündən çoxdur ki, aclıq edir və onun səhhətinin kritik vəziyyətdə olduğu bildirilir.