400 ton yardım daşıyan gəmi Qəzzaya yola düşüb; humanitar təşkilatlar bunun kifayət olmadığını deyir

Bölgədə aclıqla bağlı artan narahatlıqlar fonunda 400 ton ərzaq və digər ləvazimatlar daşıyan üç gəmidən ibarət karvan şənbə günü Kipr limanından Qəzzaya yola düşüb.

World Central Kitchen xeyriyyə təşkilatı gəmilərin və barjanın düyü, makaron, un, paxlalılar, konservləşdirilmiş tərəvəzlər və zülallar kimi məhsullardan istifadə etməklə 1 milyondan çox yemək hazırlamaq üçün kifayət qədər yük daşındığını bildirib. Gəmi ilə daşınan ərzaq məhsualları arasında həmçinin ənənəvi olaraq müqəddəs Ramazan ayında gündəlik oruc zamanı yeyilən xurma da olub.

Gəmilərin Qəzzaya nə vaxt çatacağı məlum deyil. Bu ayın əvvəlində ilk gəmi 200 ton ərzaq, su və digər yardımlar çatdırıb.

Birləşmiş Millətlər Təşkilatı və tərəfdaşlar bu ayın əvvəlində viran edilmiş və əsasən təcrid olunmuş Qəzzanın şimalında aclığın baş verə biləcəyi barədə xəbərdarlıq etmişdilər. Humanitar yardım təşkilatlarının rəsmiləri deyirlər ki, dəniz və hava ilə yardımın çatdırılması kifayət deyil və İsrail daha çox quru yolu ilə yardıma icazə verməlidir.

BMT-nin məhkəməsi İsraildən quruda daha çox keçidlər açmasını və böhranı həll etmək üçün başqa tədbirlər görməsini istəyib.

Qəzzaya yardımlar eyni zamanda, hava vasitəsilə də çatdırılıb. ABŞ hərbi qüvvələri cümə günü havadan yardımın çatdırılması zamanı 100,000 funtdan çox, bir çox ölkəni əhatə edən səylərin bir hissəsi olaraq isə ümumilikdə təxminən 1 milyon funtdan çox yardımın paylanıldığını bildirib.

Təxminən altı aydır davam edən müharibə zamanı Qəzzada xəstəxanalar, məktəblər və evlər, eləcə də yollar, kanalizasiya sistemləri və elektrik şəbəkələri də daxil olmaqla, kritik infrastruktur dağıdılıb. BMT və beynəlxalq yardım agentliklərinin məlumatına görə, Qəzzanın 2,3 milyon əhalisinin 80 faizindən çoxu didərgin düşüb.

Qəzzanın səhiyyə nazirliyi 32 min 705 fələstinlinin öldürüldüyünü, son 24 saat ərzində isə 82 nəfərin cəsədinin xəstəxanalara aparıldığını bildirib. Səhiyyə Nazirliyi öz rəqəmlərində mülki şəxslərlə döyüşçülər arasında fərq qoymur, lakin həlak olanların əksəriyyətinin qadın və uşaqlar olduğunu bildirir.

İsrail bunu təsdiqləyən dəlil təqdim etməsə də, ölənlərin üçdə birindən çoxunun militantlar olduğunu bildirir və qruplaşma yaşayış məntəqələrində fəaliyyət göstərdiyi üçün mülki əhalinin itkilərində HƏMAS-ı günahlandırır.

Oktyabrın 7-də HƏMAS militantlarının İsrailin cənubuna basqın edərək, əksəriyyəti dinc sakinlər olan 1200 nəfərin ölümü və 250-yə yaxın insanın girov götürülməsi ilə nəticələnən terror hücumundan sonra başlayan müharibədə cəmi bir həftəlik atəşkəs əldə edilib.

Şənbə günü bəzi israillilər baş nazir Benyamin Netanyahu hökumətindən narazılığı nümayiş etdirmək və onu istefaya çağırmaq üçün yenidən yürüş keçiriblər.

 

Amerikanın Səsi