Zelenski ilk dəfə Ukraynanın müharibədəki itkilərini açıqlayıb

Ukrayna Prezidenti Volodimir Zelenski ilk dəfə Ukrayna ordusunun Rusiya ilə müharibədəki itkilərini açıqlayıb. 

Operativtv.com Toplum TV-yə istinadən xəbər verir ki, Prezident bu barədə fevralın 25-də müharibənin 2 illiyi ilə əlaqədar keçirdiyi mətbuat konfransında danışıb.

Onun sözlərinə görə, 31 min Ukrayna əsgəri təcavüzü dəf edərkən həlak olub. O, yaralıların və itkin düşənlərin sayını açıqlamayıb.

Prezidentin açıqlamasında mülki əhali arasındakı itkilərin də sayı nəzərə alınmayıb.

Zelenski qeyd edib ki, itkilər digər ölkələrdə verilən təxminlərdən 300 və ya 150 min nəfər azdır. Prezident çıxışında həmçinin vurğulayıb ki, Kiyev müharibə meydanında nəticə verəcək yeni plan üzərində işləyir.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu dekabrda Ukrayna ordusunun 383 min ölü və yaralı itki verdiyini bildirmişdi.

Noyabrda isə NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanın itkilərini 300 min nəfər hesablamışdı. Zelenskinin sözlərinə görə, Rusiya ordusu 500 min ölü və yaralı itki verib. Hərbi münaqişələrin tərəfləri bir qayda olaraq öz itkilərini azaltmağa və düşmənin itkilərini şişirtməyə meylli olurlar.