Vəziyyəti kəskin pisləşmiş Əlizamin Salayevlə bağlı Əli Kərimlidən cəmiyyətə çağırış

"Dostlar, Əlizamin Salayevin 113 gün davam edən aclığı sizləridəmi yordu? Başa düşürəm, çox uzun müddətdir 113 gün. Bu müddətdə bəlkə 10-larla, 100-lərlə yazı yazmısız Əlizamin bəyə azadlıq tələbilə. Bəlkə 10 minlərlə yazı oxumusuz Əlizamin bəyə azadlıq tələbilə. Cəbhəçi dostlar Ədliyyə Nazirliyi qarşısında "Əlizamin Salayevə azadlıq" tələbilə aksiya da keçirib. Nəticədə əlavə 2 nəfər partiya funksioneri də 30 sutkalıq inzibati həbs yaşamalı olub.
Bunların hamısı doğrudur. Ancaq o da var ki, indi görün Əlizamin bəy hansı əzabları çəkir. 113 gün davam edən aclığın fiziki ağrıları, hökumətin şərçi və qəddar olmasının ağrıları... Üstəlik toplumun biganəliyinin də ağrısını çəksin Əlizamin bəy?
Bir çoxunuz onun bu qədər uzun müddət aclıq - faktiki olaraq özünə qəsd etməsini yanlış bilirsiz. Belə düşünənləri haqsız saymıram. Özüm də dəfələrlə və təkidlə aclığı dayandırmasını ona demişəm. Hətta son məhkəmədə onunla sərt danışdım, ailəsi də ona təkid edir ki, aclığı dayandırsın. Ancaq adam israr edir. Deyir, haqsız tutublar məni. Ya azad edəcəklər, ya da burada öləcəm. Zatən ölümə də çox yaxındır. Hətta nəzəri cəhətdən günü bu gün azad etsələr Əlizamin bəyi, yenə də o tam sağalmayacaq. Təəssüf ki, bu 113 günlük aclıq onun səhhətini tam korlayıb.
Belə bir vəziyyətdə onun əqidə dostları olaraq, toplum olaraq biz nə edək? Biz Əlizamin bəyi zorla əlindən alınmış azadlığı uğrunda kompromissiz mübarizəsinə görə qınaya, onun özünü haqsız çıxara bilmərik. Əslində qınasaq, haqsız çıxarsaq da bir şey dəyişməz. Rejimin qəddarlığının tam əldən saldığı xəstə orqanizmi toplumun onu başa düşməməsini, onu dəstəksiz qoymasını heç qaldıra bilməz. Əlizamin bəyi birdəfəlik itirə bilərik.
Ona görə də belə bir vəziyyətdə tək bir çarə var. Daha kütləvi şəkildə, daha israrla hakimiyyətdən Əlizamin bəyə azadlıq tələb etmək.
Yorulmayaq, bezməyək, əlimizi yelləyib keçməyək, hər gün daha çox insan Əlizamin bəyə azadlıq tələb etsin".