Əli Kərimli Baş Prokurorluğa müraciət edəcək

Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli beynəlxalq tədbirə qatılmaq üçün Baş Prokurorluğa müraciət etmək fikrindədir.

AXCP sədri bildirir ki, Varşava Təhlükəsizlik Forumuna dəvət alıb. "20 ilə yaxındır hakimiyyət mənə pasport vermir və xarici ölkə səfərlərimə qadağa qoyulub. 29-30 sentyabr tarixində baş tutacaq Forumda iştirak etmək üçün Baş Prokurorluğa bir daha müraciət edib pasport almaq üçün yenidən təşəbbüs göstərəcəyəm", – Kərimli deyib.

Hələlik, onun bu açıqlamasına Baş Prokurorluq və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Varşava Təhlükəsizlik Forumu Avropa və Transatlantik regionda təhlükəsizlik, habelə müdafiə sahəsində dialoqu təşviq edən beynəlxalq platformadır. Forumu 2014-cü ildə Kazimir Pulaski Fondunun prezidenti Zbiqnev Pisarski təsis edib və hər il Varşavada keçirilir. Əsas məqsədi Mərkəzi və Şərqi Avropa ölkələrinin təhlükəsizlik çağırışlarını müzakirə etmək, NATO ilə əməkdaşlığı gücləndirmək və qlobal təhdidlərə qarşı kollektiv strategiyalar formalaşdırmaqdır.

Xatırlatma

AXCP sədri Ə.Kərimli xarici pasportunun etibarlılıq müddəti bitdiyindən 2006-cı ildə yenidən sənəd almaq üçün müraciət etsə də, ona həmin sənəd verilməyib. Onun sözlərinə görə, 1994-cü ildə başlanmış cinayət işinin hələ də açıq olması buna əsas göstərilib. Ə.Kərimli barəsində 1994-cü ilin sentyabrında cinayət işi başlanmışdı. O zaman hüquq-mühafizə qurumları Kərimlinin cibindən partladıcı maddə tapıldığını bildirmişdi. O, isə bunu yalanlayırdı.

Avropa İnsan Haqları Məhkəməsi 2015-ci ilin iyulunda Ə.Kərimliyə pasport verilməməsi ilə bağlı şikayət üzrə qərarını açıqlayıb. Məhkəmə pasport verilməməsini onun hərəkət etmək azadlığının pozulması kimi qiymətləndirib. Dövlətin üzərinə Kərimliyə 8 min 600 avro kompensasiya ödəmək öhdəliyi qoyulub. Amma AXCP sədrinə hələ də pasport verilməyib və o, 2006-cı ildən bəri ölkədən çıxa bilmir.