Beynəlxalq Soyqırımı Tədqiqatçıları Assosiasiyası İsrailin Qəzza zolağında soyqırımı törətdiyini göstərən qətnamə qəbul edib

Beynəlxalq Soyqırımı Tədqiqatçıları Assosiasiyası İsrailin Qəzza zolağında soyqırımı törətdiyini göstərən hüquqi əsasların olduğunu bildirən qətnamə qəbul edib.
Assosiasiyanın prezidenti Melani O’Brayenin məlumatına görə, 500 üzvdən 86 faizi qətnamənin lehinə səs verib.
“Bu, soyqırımı sahəsində ixtisaslaşmış ekspertlərdən aydın və qəti mövqedir – Qəzzada baş verənlər soyqırımıdır”, – O’Brayen deyib.
Üç səhifəlik qətnamədə qeyd olunur ki, İsrailin Qəzzadakı siyasət və hərəkətləri 1948-ci il Soyqırım Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması üzrə BMT Konvensiyasının II maddəsindəki hüquqi soyqırımı tərifinə uyğundur. Assosiasiyanın üzvü olan alimlər İsraili dərhal dayanmağa çağırıb:
“Fələstinlilərə qarşı soyqırımı, müharibə cinayətləri və insanlığa qarşı cinayətlər dərhal dayandırılmalıdır. Bunlara – uşaqlar da daxil olmaqla mülki əhalinin hədəf alınması, öldürülməsi, aclıqla cəza vermək, humanitar yardımların, suyun, yanacağın və digər həyati ehtiyacların qarşısının alınması, seksual və reproduktiv zorakılıq, həmçinin əhalinin məcburi köçürülməsi daxildir”.