Bir neçə gün öncə Vəkillər Kollegiyası tərəfindən fəaliyyəti 1 illik dondurulan vəkil Əsabəli Mustafayev məhkəməyə müraciət edəcək.
O bildirib ki, Vəkillər Kollegiyasının qərarını alandan sonra bu addımı atacaq.
Vəkil Toplum.Tv-yə deyib ki, fəaliyyətinin dayandırılmasına səbəb son zamanlar ictimaiyyətin gündəmində olan işlərə çıxması ilə bağlıdır: "Baş Prokurorluğa şikayətlər artıb və istəyirlər ki, bu vəkilləri kənarlaşdırsınlar”.
Vəkil Nemət Kərimli də qərardan məhkəməyə şikayət edəcəyini bildirib.
Hüquq müdafiəçisi Rəsul Cəfərov deyir ki, siyasi işlərə çıxan vəkillərin cəzalandırılması halları ilk deyil: "Əlayif Həsənov, Xalid Bağırov nümunələri var. Onlardan daha öncə Ənnağı Hacıbəyli, İntiqam Əliyev və s. Bu, onu göstərir ki, Vəkillər Kollegiyası əvvəl də olduğu kimi hakimiyyətin nəzarəti altındadır”.
O bunun digər səbəbini əvvəlki dövrlə müqayisədə təzyiqlərin sistematik xarakter almasında görür: "Bu, o deməkdir ki, hakimiyyət nəzarəti daha sıx həyata keçirmək istəyir. Vəkillər Kollegiyası da buna müqavimət göstərmək yerinə bu prosesdə iştirak edirlər”.
Onun sözlərinə görə, vəkillər siyasi işlərdə müvəkkilinin adından danışarsa, bu siyasi mövqe kimi qəbul edilir, əsası yalandır: "İstər Avropa Məhkəməsinin qərarlarında, istər də digər beynəlxalq qurumların sənədlərində aydın şəkildə əks olunur ki, vəkillərin də ifadə azadlığı var. İfadə azadlığının məhdudlaşdırılmasının əsasaslandırılması var. Bu, Azərbaycan halında Avropa İnsan Haqları Konvensiyasında aydın şəkildə yazılıb ki, ancaq milli təhlükəsizlik məsələlərində, ictimai qaydanın qorunması və bu kimi bir neçə halda məhdudlaşdırıla bilər”.
Rəsul Cəfərov vurğulayır ki, vəkilin çıxıb öz müvəkkili adından danışması, onun mesajlarını çatdırması heç bir halda vəkilin ifadə azadlığının məhdudlaşdırılmasına əsas deyil: "Vəkillər bu işləri beynəlxalq təşkilatlara çatdırsalar, udacaqlar. Bu yaxınlarda İntiqam Əliyev və Ənnağı Hacıbəyli haqqında Avropa Məhkəməsinin qərarı çıxıb. Onların ifadə azadlığının pozulması tanınıb”.
Vəkillər: "Məhkəməyə müraciət edəcəyik"
Oxşar xəbərlər