“Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi baş tutub

İyulun 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi baş tutub. 

Hakim Azər Tağıyevin sədrliyilə baş tutan prosesdə təqsirləndirilən şəxslərdən Toplum TV-nin həmtəsisçisi Ələsgər Məmmədli və jurnalist Fərid İsmayılovun müdafiəçiləri onların səhhətindəki problemləri əsas gətirərək ev dustaqlığına buraxılmalarını istəyib. 

Hakim isə təqsirləndirilənlərin səhhətinin pisləşməsi haqqında həkim müayinəsi və rəyi olmadığını əsas gətirərək vəsatətləri təmin etməyib. 

Təqsirləndirilən şəxslərdən biri, Demokratik Təşəbbüslər İnstitutunun (İDİ) rəhbəri Akif Qurbanov isə ötən dəfəki iclaslarda başladığı çıxışını bitirib. 

O, çıxışının bu dəfəki hissəsində ictimai-siyasi fəaliyyətlə məşğul olmağa başlayandan ailə üzvlərinin üzləşdiyi təhdidlərdən danışıb, buna görə hakimiyyətin məsuliyyət daşıdığını deyib. 

Növbəti məhkəmə prosesi avqustun 4-ə təyin olunub. 

“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, bu qurumun qurucu heyət üzvü Ruslan İzzətli, Toplum TV-nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar. 

Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, Toplum TV redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib. 

"Toplum TV işi” üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.

Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.

2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında təxminən 30 jurnalist və ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib.

Azərbaycan hakimiyyəti isə heç kimi peşə fəaliyyətinə və ya siyasi fəaliyyətinə görə təqib etmədiyini, ölkədə bütün hüquq və azadlıqların təmin olunduğunu bildirir.