Suriyada Colani hakimiyyətini təkfir edən “Ənsar əs Sünnə” qruplaşması haqda araşdırma

Suriyada yaranan yeni terror qruplaşması“Ənsar əs-Sünnə” Colani və yeni höküməti təkfir edib.

“Ənsar əs-Sünnə”

Suriyada “Ənsar əs-Sünnə” adlı yeni radikal terrorçu qruplaşma ortaya çıxıb – məqsədləri qətl, təfriqə və azlıqlara qarşı nifrət yaymaqdır.

Bu barədə ərəbdilli mediada məlumatlar yayılmağa başlayıb.

Qeyd olunur ki, Suriyada təhlükəsizlik boşluqları və dini-etnik azlıqlara qarşı radikal nifrət fonunda “Ənsar əs-Sünnə” adlı yeni terrorçu silahlı qruplaşma meydana çıxıb. Bu qruplaşma ideoloji və hərbi baxımdan İŞİD-i xatırladır və əsas məqsədi azlıqlara qarşı zorakılıqdır.

Qruplaşmanın yaranması və fəaliyyəti

“Ənsar əs-Sünnə” silahlı dəstələri ilk dəfə 2025-ci ilin fevralında açıq şəkildə fəaliyyətə başlayıb. Onlar azlıqlara – xüsusilə nusayrilər, druzlar, xristianlar və kürd mənşəli “QSD” qüvvələrinə qarşı zorakılıq, yandırma, qovma və qətl əməliyyatları həyata keçirib. Qruplaşma meşə və əkin sahələrini yandırmaqla da diqqət çəkib və açıq şəkildə “başlarınızı biçmək üçün gələcəyik” şüarını səsləndirib.

Mərkəzsiz və gizli təşkilatlanma

Hazırda “Ənsar əs-Sünnə” qeyri-mərkəzləşdirilmiş və gizli struktura malikdir. Onların müəyyən bir bazası yoxdur, üzvləri isə kiçik və ayrı-ayrı qruplar şəklində fəaliyyət göstərir. Təşkilatın lideri – Əbu Aişə əş-Şami – haqqında demək olar ki, heç bir məlumat yoxdur. Qrupun dini məsələlər üzrə rəhbəri isə Əbu əl-Fəth əş-Şamidir.

Məqsəd və ideologiya

Qruplaşma öz bəyanatlarında açıq şəkildə bildirir ki, əsas hədəfi azlıq icmaları və onlarla əməkdaşlıq edən sünnilərdir. Onlar Suriya prezidenti Əhməd əş-Şəraanı “kafir və mürtəd” adlandırır, “Təhrir əş-Şam” və ona bağlı qurumlara qarşı mübarizə aparırlar.

Qanlı əməliyyatlar və təhdidlər

Qrupun ilk genişmiqyaslı hücumu Hama əyalətinin Ərzə kəndində 15 mülki şəxsin öldürülməsi və kənd əhalisinin tamamilə qovulması olub. Qruplaşma bu aktları “yalnız başlanğıc” adlandırır və qarşıdakı mərhələlərdə Suriyada daha böyük “sarsıntılar” vəd edir.

Livan və sərhəd bölgələrindəki mövcudluğu

Son bəyanatlarında qruplaşma Livanın Tripoli şəhərində də tərəfdarları olduğunu iddia edib. Onların Qərbi Homs vilayətində – Livanla sərhəddə – fəaliyyət göstərdiyi ehtimal olunur. Hücum taktikasında “tək canavar” (fərdi döyüşçü) metodunu seçən təşkilat sürətli və gizli əməliyyatlara üstünlük verir.

Xarici döyüşçülər və gələcək təhlükələr

Mütəxəssislər qeyd edir ki, bu qrup yerli və xarici döyüşçülər arasında fərq qoymadan, rejimlə əməkdaşlıq edən hər kəsi hədəf sayır. Təşkilatın İŞİD ilə birbaşa əlaqəsi olmadığını iddia etsə də, ideoloji və taktiki baxımdan onlarla uyğunluq nümayiş etdirir. Bu səbəbdən yaxın gələcəkdə onların birləşməsi istisna edilmir.

Mütəxəssislər bu cür radikal qrupların artan fəaliyyəti fonunda Suriya və Livan sərhədində təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin vacibliyini vurğulayırlar.