Şeyx Nəim Qasim: Hamımız öldürülsək belə, Seyid Həsən Nəsrullahın yolunu davam etdirəcəyik

Livan Hizbullah Hərəkatının baş katibi Beyrut Mərkəzi İdman Stadionunda bu hərəkatın şəhid baş katibləri Seyid Həsən Nəsrullah və Seyid Haşim Səfiyəddinin cənazələrinin dəfn mərasimində deyib: “Biz bağladığımız əhdə sadiqik. Hamımız öldürülsək belə, Seyid Həsən Nəsrullahın yolunu davam etdirəcəyik.”

Livan Hizbullah Həəkatının baş katibi Şeyx Nəim Qasım Beyrutun Kumeyl stadionunda şəhid Seyid Həsən Nəsrullah və Seyid Haşim Safiyəddin ilə vida mərasimində çıxışına başlayıb.

Şeyx Naim Qasim çıxışında deyib: “Qardaşım və sevdiyim şəxs Seyid Həsən Nəsrullahın adı ilə sizinlə danışıram. Salam olsun sizə, ey ən sədaqətli, alicənab və şərəfli insanlar! Ey bizim izzətimizi zirvəyə çatdıranlar! Siz öz vədinizə əməl etdiniz.”

Hərəkat lideri əlavə edib: “Bu gün biz bütün dünyada azadlıqsevərlər üçün simvol və qiblə sayılan tarixi, müstəsna, milli, ərəb və İslam lideri ilə vidalaşırıq. O, mücahidlərin, xalqın, zülmə məruz qalanların, xüsusən də Fələstin xalqının sevimlisi idi.”

Şeyx Nəim Qasim Seyid Həsən Nəsrullahın döyüş keçmişinə toxunaraq sözünə davam belə davam edib: “O, 1989-cu ildə Hizbullahın İcraiyyə Şurasının sədri vəzifəsini öhdəsinə aldı, 1992-ci ildən şəhid olduğu günə qədər bu hərəkatın baş katibi vəzifəsini çiyinlərində daşıyıb. Bu böyük seyid ümmətə müqaviməti, müqavimətə ümməti bəxş etmişdir.”

Hizbullah lideri şəhid Seyid Həsən Nəsrullahın şəxsiyyətindən söz açaraq deyib: “O böyük insan İslam və vilayətdə qərq olmuşdu. O, dürüst, sadiq, mehriban, səxavətli, təvazökar, mətanətli, cəsur, müdrik və görkəmli strateq idi.”

Şeyx Nəim Qasim bəyan edib: “Biz düşmənin xahişi ilə atəşkəslə razılaşdıq. Çünki münaqişənin siyasi və cəbhə üfüqü olmadan davam etməsi bizim marağımıza uyğun deyildi. Bizim güclü məqamımız ondan ibarətdir ki, bu qərarı güc mövqeyindən və öz maraqlarımızdan çıxış edərək vermişik. Müqavimət görünməmiş səviyyədə dözüm göstərdi, davam etdi və biz özümüzü yenidən qura bildik.”

“Biz güclü mövqedən atəşkəslə razılaşdıq və indi yeni mərhələdəyik. İsrail atəşkəs razılaşmasına əməl etmədi və razılaşmanın müddəti bitdikdən sonra biz yeni işğal və təcavüzlə üzləşdik. Amma bu rejim işğalı davam etdirə bilmir. Çünki müqavimət həm güc, həm də avadanlıq baxımından hələ də güclüdür və son qələbəyə mütləq nail olacaq” - deyə, müqavimət hərəkatının lideri qeyd edib.

Hizbullah lideri vurğulayıb: “75.000 İsrail əsgəri müqavimətə qarşı irəliləyə bilmədi. Biz öz seçimlərimizə əsaslanaraq mübarizəmizi davam etdirəcəyik və Amerikanın ölkəmizə hakim olmasına imkan verməyəcəyik.”

Şeyx Nəim Qasim bəyan edib: “Səbrimizi və müdrikliyimizi zəiflik kimi şərh etməyin; yol uzundur və biz işğalla heç vaxt barışmayacağıq. İsrail müharibə yolu ilə əldə edə bilmədiyi şeyi siyasətlə əldə etməyəcək.”

Hərəkat lideri şəraitin dəyişməsinə toxunaraq vurğulayıb ki, biz indi öz alətləri, metodları və yanaşmaları olan yeni bir mərhələdəyik. İsrail işğal və təcavüzünü davam etdirə bilməz. Xalqımıza qarşı qırğınların davam etməsinə imkan verməyəcəyik.

Livanın bir sıra daxili cərəyanlarını tənqid edən Şeyx Nəim deyib: “İşğal davam etdiyi bir halda biz suverenlikdən necə danışa bilərik? Livan rəsmiləri güc balansını yaxşı bilirlər. Biz Livanın siyasi rəhbərlərini ölkənin suverenliyinin qorunmasına əsaslanan diskurs qəbul etməyə çağırırıq.”

O, həmçinin Amerika rəsmilərinə səslənərək deyib: “Bilin ki, Livana təzyiq etmək niyyətindəsinizsə, uğur qazana bilməyəcəksiniz. Sizə bu sui-qəsdləri dayandırmağı məsləhət görürəm.”

Hizbullah Hərəkatının lideri vurğulayıb: “Nə qədər ki, işğal və onun təhlükəsi var, müqavimət bizim siyasi seçimimiz olacaq. Fələstin məsələsini müdafiə etmək bizim güzəştə getməyəcəyimiz bir haqqdır. Biz Trampın fələstinliləri köçürmək məqsədi daşıyan müstəmləkəçilik layihəsinə qarşı çıxacağıq.”