Ruhani Şeyx Sərdar Hacıhəsənlinin məhkəməsinin vaxtı açıqlanıb

Ali Rəhbər Ayətullah Xameneinin dini işlər üzrə nümayəndəsi, Azərbaycan Ruhanilər Məclisinin üzvü, maide.az saytının baş redaktoru, ruhani Şeyx Sərdar Hacıhəsənlinin işi baxılması üçün məhkəməyə göndərilib.
Bu barədə Vəkil Cavad Cavadov Maide.Az-a bildirib.
O bildirib ki, Şeyx Sərdar Babayevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
C.Cavadov bildirib ki, hazırlıq iclası mart ayının 9-da saat 09.30-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçiriləcək.
Qeyd edək ki, Şeyx Sərdar Hacıhəsənli 2021-ci ilin oktyabrın 19-dan həbsdədir. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur. Ancaq ruhani Şeyx Sərdar özünü təqsirli bilmir və həbsini siyasi motivli hesab edir. Şeyx Sərdar Hacıhəsənli özünü İranla Azərbaycan arasında gərginləşən münasibətlərin repressiya qurbanı hesab edir. İttihamları qətiyyən qəbul etmir. Bu səbəbdən ifadə verməkdən də imtina edib.
Xatırladaq ki, Şeyx Sərdar Hacıhəsənli 2017-ci ilin fevralında cümə namazı qıldığı üçün həbs olunmuşdu. 3 il azadlıqdan məhrum edilmişdi. Şeyx Sərdar Hacıhəsənli 2020-ci ilin fevral ayında həbs müddəti başa çatdıqdan sonra azadlığa çıxmışdı.