"REAL Partiyası birmənalı olaraq buraxılmayacaq"

Operativtv.com Toplum Tv-yə istinadən xəbər verir ki, bunu REAL Partiyasının (Respublika Alternativi) sədri İlqar Məmmədov iyulun 20-də keçirdiyi mətbuat konfransında bildirib.
O deyib ki, REAL-ın qeydiyyatı ləğv ediləcəyi təqdirdə partiyanın hansı addımları atacağı barədə müzakirələr aparılır. "Lakin birmənalı olaraq, REAL Partiyası buraxılmayacaq”, - Məmmədov deyib.
Məmmədov həmçinin deyib ki, REAL Partiyası siyasi partiyalar haqqında yeni qanuna qarşı olsa da, Ədliyyə Nazirliyilə konstruktiv əməkdaşlığa hazırdır.
Partiya sədri bu gündən REAL-ın partiyaya yeni üzvlərin qəbulu üzrə kampaniyaya başladığını da vurğulayıb.
Xatırladaq ki, iyulun 17-də REAL-ın sədri İlqar Məmmədov partiyanın buraxıla biləcəyini açıqlamışdı. Onun sözlərinə görə, Ədliyyə Nazirliyi REAL partiyasına üzvlüklə bağlı mənfi cavab verib.
Siyasətçi qeyd edib ki, nazirlik partiyanın təqdim etdiyi siyahıda cəmi 463 nəfərin adının “keçərli” olduğunu bildirib.
"Qanuna əsasən, növbəti 30 gün ərzində ya 4500+ nəfərin məlumatlarını “düzəltməli”, ya da eyni qədər yeni üzv toplamalı, ya da partiyanı buraxmalıyıq", - İlqar Məmmədov vurğulamışdı.