Qəzza ilə bağlı fikir ayrılığı Türkiyə-İsrail ticarət əlaqələrinə zərbə vurur

Qəzzadakı müharibə İsrail və Türkiyə arasındakı gərginliyi artıraraq, tərəfləri genişmiqyaslı ticarət müharibəsi riski altına qoyub və bu, ölkələr siyasi mövzularda mübahisə edərkən belə, uzun müddətdir davam edən ikitərəfli iqtisadi əlaqələrinə təhdiddir.

Çərşənbə axşamı Türkiyənin Ticarət Nazirliyi İsrailə alüminium, polad, bir sıra tikinti materialları, təyyarə yanacağı və kimyəvi gübrələr də daxil olmaqla, 54 kateqoriya məhsulun ixracına yeni məhdudiyyətlər elan edib.

Bəzi ekspertlər Ankaranın tarixən İsraillə bağlı mövqeyində siyasi problemləri iqtisadi əlaqələrdən ayırdığını düşünsə də, son bəyanatlar siyasətin dəyişdiyini göstərir.

İsraildə Milli Təhlükəsizlik İnstitutunun baş elmi işçisi Qallia Lindenştraus "Türkiyənin qərarı İsraildə mənfi qarşılandı, çünki iki ölkə mühüm ticarət tərəfdaşıdır və indiyədək Ankara siyasi müstəvidəki gərginliklə ticarət əlaqələri arasında baryer qoyub" - deyə, Amerikanın Səsinə bildirib.

Məhdudiyyətlər Türkiyənin xarici işlər naziri Hakan Fidanın İsrailin Türkiyənin Qəzzaya havadan yardım göndərməsinin qarşısını aldığını bildirməsindən və atəşkəs və əraziyə daimi yardım axını bərpa olana qədər İsrailə qarşı tədbirlər görəcəyinə söz verməsindən bir gün sonraya təsadüf edib. İsrail Fidanın açıqlamasına cavab verməyib.

İsrailin xarici işlər naziri İsrail Katz X səhifəsində etdiyi paylaşımda "Biz buna uyğun cavab verəcəyik və İsrailin Türkiyəyə ixracına mane olacağı əlavə məhsulların geniş siyahısını hazırlayacağıq" deyib.

İki ölkə arasında 1996-cı ildə azad ticarət sazişi imzalanıb. Türkiyə Dövlət Statistika Təşkilatının məlumatına görə, 2023-cü ildə Türkiyənin İsrailə ixracı 5,4 milyard dollar, həmin il İsrailin Türkiyəyə ixracı isə 1,6 milyard dollar təşkil edib.

Bəzi ekspertlər məhdudiyyətlərin İsrailin tikinti sektoruna geniş təsir edəcəyini deyir.

Lindenştraus Amerikanın Səsinə "Bəzi materiallara, məsələn, sementə gəldikdə, İsrail Türkiyədən idxaldan çox asılıdır. İsrail alternativlər tapa bilər, lakin onlar daha baha başa gələcək və müvafiq əvəzediciləri tapana qədər vaxt tələb oluna bilər" deyib.

İsrail İnşaatçılar Assosiasiyasının məlumatına görə, İsrail dəmir tikinti materiallarının təxminən 70%-ni və sement ehtiyacının təxminən üçdə birini Türkiyədən alır. Türkiyə həmçinin İsrailə polad tədarükçüləri arasında lider olub.