Qaşıqçının qətli üzrə məhkəmə başlayıb

Səudiyyəli köşə yazarı Camal Qaşıqçının qətli ilə əlaqədar ər-Riyadda 11 nəfərin məhkəməsi başlanıb. 
 
"Azadlıq Radiosu"-nun xəbərinə görə, bu gün, yanvarın 3-də başlanan prosesdə prokurorlar təqsirləndirilənlərin beşinə ölüm cəzası istəyiblər. Təqsirləndirilənlərin adları isə açıqlanmır.
 
ABŞ-da yaşayan, Səudiyyə hökumətinin tənqidçisi olan Qaşıqçı oktyabrın 2-də Səudiyyənin İstanbuldakı konsulluğuna girən kimi qətlə yetirilib. Onun cəsədi hələ də tapılmayıb.
 
Ər-Riyad vəliəhdi şahzadə Mohammad Bin Salman-ın bu qətldə əli olmasına dair iddiaları rədd edib.
 
Prokurorlar jurnalistin onu krallığa qayıtmaqdan ötrü dilə tutmağa göndərilmiş agentlər tərəfindən qətlə yetirildiyini bildirir.
 
Türkiyə 18 şübhəlinin ekstradisiyasını istəsə də, Səudiyyə imtina edib.
 
Səudiyyənin baş prokuroru isə bəyanatında bildirib ki, Türkiyəyə dəlil üçün etdikləri müraciətlər cavabsız qalıb.