Jurnalistin prokurorluga qarşı şikayəti rədd edildi

Bakı Apellyasiya Məhkəməsi jurnalist Əvəz Zeynalllının Baş Prokurorluğa qarşı şikayətini rədd edib. Jurnalist prokurorluğun ona xəbərdarlıq etməsinin qanunsuz sayılmasını tələb edir.

Məhkəmə prosesinin detalları haqda AzadlıqRadiosuna danışan Ə.Zeynallının sözlərinə görə, məhz peşə fəaliyyəti ilə bağlıyanvarın 26-da Baş Prokurorluğa çağırılıb. Prokurorluqda ona xəbərdarlıq edilib.

"Bu xəbərdarlıq tamamilə qanunsuz idi. Məni yazılarımdan çəkindirmək niyyəti daşıyırdı. Ona görə də məhkəməyə müraciət etmişəm", deyən Ə.Zeynallının sözlərinə görə, məhkəmədən tələb edib ki, prokurorluğun ona xəbərdarlıq etməsini qanunsuz hesab etsin.

Şikayətə əvvəlcə 1 Saylı Bakı İnzibati İqtisad Məhkəməsində baxılıb və rədd edilib.

Bu gün, sentyabrın 19-da Bakı Apellyasiya Məhkəməsində aşağı məhkəmənin qərarından verilən şikayətə baxılıb.

Məhkəmədə jurnalistin vəkilləri şikayətlərini müdafiə ediblər. Onlar məhkəmənin diqqətinə çatdırıblar ki, jurnalistin peşə fəaliyyətinə görə, prokurorluqda çək-çevir edilməsi, dindirilməsi, sonda xəbərdarlıq olunması bilavasitə onu peşə fəaliyyətindən çəkindirməyə xidmət edir. Belə xəbərdarlıqlar habelə, digər jurnalistlərin gözünü qorxudur. Ə.Zeynallının deməsinə görə, vəkilləri məhkəmədən tələb edib ki, Baş Prokurolugun xəbərdarlığını qanunsuz saysın, prokurorlugun üzərinə bir daha belə hərəkətlərə yoç verməmək vəzifəsi qoysun.

Baş Prokurorluğun nümayəndəsi isə şikayətin rədd olunmasını istəyib.

Hakim Mirzə Tagızadənin rəhbərlik etdiyi hakimlər kollegiyası da şikayəti rədd edib.

Ə.Zeynallı qərarla razı olmadıqlarını, Ali Məhkəməyə, daha sonra Avropa Məhkəməsinə şikayət edəcəklərini bildirib.

"Xural" qəzetinin baş redaktoru Ə.Zeynallı bu il yanvarın 26-sı Baş Prokurorluqda dindirilmişdi. Sonda ona rəsmi xəbərdarlıq olunmuşdu.

Ə.Zeynallı həmin vaxt AzadlıqRadiosu-na açıqlamasında prokurorluğa çağırılmasının sırf jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirmişdi. Jurnalistin sözlərinə görə, dəvət olunmasına səbəb sosial şəbəkələrdəki statusları və Turan Agentliyinin direktoru Mehman Əliyevlə müsahibə olub.

"Mənə irad tutulan statuslarım yeni il ərəfəsində yazdıqlarımdır. Həmin statuslarda jurnalistlər - Əfqan Sadıqov, Əziz Orucov, Əfqan Muxtarlı və digərləri ilə bağlı həbs qərarlarından bəhs etmişəm, yeni repressiya dalğasının yaşandığını qeyd etmişəm. Çağırılmağımın əsas səbəbi məncə elə Mehman Əliyevlə müsahibəm idi. Statusları da onun "gözünə qatdılar". Mənə bildirildi ki, belə status, müsahibələrlə ictimai rəyi çaşdırıram", - Ə.Zeynallı həmin vaxt demişdi.

Ə.Zeynallı 2002-ci ildən "Xural" qəzetinin baş redaktorudur. O, Milli Məclisin keçmiş deputatı Gülər Əhmədovanın şikayəti əsasında həbsdə olub.

2013-cü il martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın verdiyi hökmlə 9 il azadlıqdan məhrum edilib.

Hədə-qorxu gəlməklə külli miqdarda rüşvət almaq, daha sonra isə məhkəmə qərarlarını icra etməmək və vergidən yayınmaqda ittiham olunub. Baş redaktor o zaman bütün ittihamları rədd etmişdi.

2014-cü il dekabrın 30-da prezidentin imzaladığı əfv sərəncamı əsasında azadlığa buraxılıb.

Turan