AXCP-nin gənc fəalına 7 il həbs tələb olundu

Sentyabrın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə AXCP üzvü Orxan Baxışlının cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Prosesdə gənc fəalın özü və vəkili Elçin Sadıqov da iştirak ediblər.
Məhkəmə dövlət ittihamçısının çıxışı ilə davam edib. O çıxışında O. Baxışlının 7 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılmasını məhkəmədən istəyib.
Vəkil E. Sadıqov isə çıxışında məhkəməyə bir neçə vəsatətinin təqdim ediləcəyini bildirərək, məhkəmədən vaxt istəyib. Hakim növbəti prosesin 18 sentyabr saat 11:30 -da davam edəcəyini bildirib.
Xatırladaq ki, AXCP Gənclər Komitəsinin Ali Məclis üzvü Orxan Baxışlı mayın 7-də axşam saatlarında Bakıda Elmlər Akademiyasının qarşısındakı bağda mülki geyimli şəxslər tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, saxlama, daşıma, göndərmə və ya satma-külli miqdarda törədildikdə) ittiham irəli sürülüb. Mayın 9-da Yasamal rayon Məhkəməsi fəalın barəsində dörd aylıq həbsqətimkan tədbiri seçib. Orxan Baxışlı Milli Şuranın 31 martda keçirdiyi mitinqdən öncə də saxlanılmışdı. Ona polisin qanunu tələbinə tabe olmamaq ittihamı ilə inzibati qaydada 30 sutka həbs verilmişdi.