ABŞ Konqresi növbəti dəfə rəsmi Bakını ittiham hədəfinə alıb

ABŞ Konqresində Azərbaycana qarşı növbəti ittiham kampaniyası başlayıb. Noyabrın 18-də Nümayəndələr Palatasının Tom Lantos İnsan Hüquqları Komissiyasında keçirilən dinləmələrdə Azərbaycanı hədəfə alınıb. Tədbirdə çıxış edənlər Bakını ermənilərə qarşı təzyiqlərdə, dini icmaların sıxışdırılmasında ittiham ediblər.

Dinləmələrə respublikaçı konqresmen Kris Smit və demokrat Ceyms Makqovern həmsədrlik ediblər. “Christian Solidarity International” təşkilatının prezidenti Con Aybner çıxışında Azərbaycanı Ermənistanın suveren ərazilərini işğal etməkdə, Bakıda saxlanılan erməni əsilli şəxslərdən siyasi təzyiq vasitəsi kimi istifadə etməkdə ittiham edib.

Con Aybnerin çıxışında xüsusi yer tutan mövzulardan biri “Qərbi Azərbaycan” məsələsi olub. O, Prezident İlham Əliyevin bu ifadədən istifadə etməsini Ermənistan Respublikasına qarşı ərazi iddialarının sübutu kimi təqdim edib.

Aybner Azərbaycanın 2023-cü ilin sentyabrında keçirdiyi antiterror tədbirlərindən sonra Qarabağ ermənilərinin bölgəni tərk etməsini də “etnik təmizləmə” kimi təqdim edib.

Kris Smit Vaşinqtonun Azərbaycan siyasətini pisləyib, Azərbaycanla ABŞ arasında münasibətlərin inkişafı və Bakının Vaşinqtonda artan diplomatik fəallığından narazılıq edib.

Dinləmələrdə Azərbaycanla yanaşı, Türkiyə də hədəfə alınıb. Aybner Türkiyədə xristian icmalarının sayının azalmasını ölkənin siyasi və ideoloji xətti ilə əlaqələndirib. O, ABŞ Beynəlxalq Dini Azadlıq Komissiyasının Türkiyənin xüsusi nəzarət siyahısına salınması barədə tövsiyəsini xatırladıb.

Kris Smit isə Türkiyənin dini azadlıqları pozan ölkələr siyahısına daxil edilməsini və Ankaraya qarşı sanksiyaların tətbiqini istəyib. O, Türkiyənin F-35 qırıcılarını əldə etməsi ehtimalını da tənqid edib.

Dinləmələrin sonunda Aybner ABŞ administrasiyasını Azərbaycan və Türkiyəyə münasibətdə siyasətini dəyişməyə çağırıb. O, bu ölkələrə silah satışının, maliyyə yardımının və diplomatik dəstəyin dayandırılmasını istəyib.