Rusiyanın neft ixracından həftəlik gəlirləri rekord həddinə çatıb

Rusiya dəniz yolu ilə neft ixracından 2022-ci ildən bəri rekord həftəlik gəlir əldə edib. Sentyabrın 27-dək olan həftə ərzində tədarükün dəyəri 2,75 milyard dollara çatıb. Bu barədə "Bloomberg" məlumat yayıb.

Agentliyin məlumatına görə, hesabat həftəsində Rusiya limanlarından sutkada orta hesabla 3,99 milyon barel xam neft ixrac olunub. Tədarükün qiymətləndirilən dəyəri əvvəlki həftə ilə müqayisədə təxminən 180 milyon dollar çox olub və 2022-ci ilin əvvəlindən bəri maksimum həddə çatıb.

Neft gəlirlərinin artmasını Yaxın Şərqdən tədarükdə yaşanan kəsintilər fonunda ixrac həcminin artması və daxili-xarici bazarlarda qiymətlərin qalxması təmin edib. Sentyabrın ortalarında qərb limanlarından göndərilən Rusiyanın "Urals" markalı neftinin dəyəri barel üçün 110 dolları ötüb, əsasən Çinin satın aldığı Uzaq Şərq "ESPO" markası isə 120 dollardan yuxarı qiymətə ticarət olunub.

Sentyabrın 27-dək olan dörd həftə ərzində Rusiyanın dəniz neft ixracının orta ümumi dəyəri həftədə 2,39 milyard dollar təşkil edib. Bu, əvvəlki dörd həftəlik dövrün göstəricisindən 290 milyon dollar çoxdur və may ayının sonundan bəri ən yüksək göstəricidir.

Bununla belə, söhbət Rusiya büdcəsinin və ya neft şirkətlərinin xalis gəlirlərindən deyil, ixrac edilən neftin ümumi dəyərinin qiymətləndirilməsindən gedir. Yekun büdcə daxilolmalarına vergilər, bazar kotirovkalarına tətbiq edilən endirimlər, logistika və sığorta xərcləri, həmçinin valyuta məzənnəsi təsir göstərir.