Rusiya Azərbaycana yeni hərbi attaşe təyin etdi

Aprelin 10-da müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov ilə görüşüb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Görüşdə Azərbaycan ilə Rusiya arasında hərbi, hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Tərəflər əməkdaşlıq planına əsasən iki ölkənin müdafiə nazirliklərinin nümayəndə heyətləri arasında işçi görüşlərinin, birgə təlimlərin keçirilməsi, Xəzər dənizində iki ölkənin hərbi gəmilərinin qarşılıqlı səfərlərinin təşkili və digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

Diplomat Rusiyanın Azərbaycanda yeni təyin olunan hərbi attaşesi polkovnik Andrey Aleksensevi general-polkovnik Z.Həsənova təqdim edib.

Müdafiə naziri yeni təyin olunan hərbi attaşeni Azərbaycanda fəaliyyətə başlaması münasibətilə təbrik edib, ona hərbi sahədə ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyətində uğurlar arzulayıb.