İran dünya çempionatında oyunlarının məşqlərini Meksikada edəcək

İranın futbol üzrə milli komandası gələn ay başlayacaq dünya çempionatında oyunlarını ABŞ-də keçirəcək, lakin Meksikada məşq edəcək və gecələyəcək.

Qərarı ilk olaraq İran Futbol Federasiyası və Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) mayın 25-də elan edib. Meksika prezidenti Klaudia Şeynbaum da xəbəri təsdiqləyib.

Qərara əsasən, milli komanda üzvləri Meksikanın ABŞ ilə sərhəddə yerləşən Tixuana şəhərində gecələyəcək və məşqlərini keçirəcək, oyunlar üçün isə ABŞ-yə səfər edəcək.

"ABŞ İran milli komandasının ABŞ-də gecələməsini istəmir. FİFA nümayəndəsi məndən soruşdu ki, onlar Meksikada gecələyə bilərlərmi? Biz də dedik ki, bəli, problem yoxdur", - Şeynbaum jurnalistlərə deyib.

İran futbol komandası iyunun 15-də Kaliforniyanın İnqlvud şəhərində Yeni Zelandiya, altı gün sonra isə Belçika ilə oyunlar keçirəcək, iyunun 26-da Sietlda Misirlə qarşılaşacaq.

İranın təlim-məşq toplanışını daha öncə Arizona ştatında keçirməsi planlaşdırılırdı.

Fevralın sonundan aprelin 7-ə qədər İran ABŞ və İsrail tərəfindən havadan hücumlara məruz qalıb. Aprelin 7-də Pakistanın vasitəçiliyi ilə tərəflər arasında atəşkəs əldə olunsa da, münaqişə başa çatmış sayılmır.