Daha bir AXCP fəalının 30 sutkalıq həbs olunduğu bildirilir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Xətai rayon şöbəsinin sədri Faiq Nağıyevin inzibati qaydada 30 sutkalıq həbs olunduğu bildirilir. 

Bu barədə partiya üzvləri noyabrın 12-i axşam saatlarında məlumat yayıblar. 

Həbsin təfərrüatları və AXCP üzvünün hansı maddə ilə ittiham olunduğu bilinmir. 

Noyabrın 12-də AXCP sədri Əli Kərimli "Facebook" səhifəsində xəbər verib ki, həmin gün onu avtomobili ilə Milli Şuranın iclasına aparmalı olan F.Nağıyevlə əlaqə qurmaq mümkün olmayıb. 

F.Nağıyev son günlərdə inzibati qaydada həbs olunan üçüncü AXCP üzvüdür. Ondan əvvəl həbs olunan Fərid Quliyev və Vəlişan Həsənov da AXCP sədrini avtomobilləri ilə müəyyən yerlərə aparıblar. F.Quliyev də 30 sutkalıq həbs olunduğu halda, V.Həsənovun həbs müddəti haqda hələ də məlumat yoxdur. 

Ə.Kərimli xatırladıb ki, bu ilin martından bəri onu öz maşını ilə müxtəlif tədbirlərə aparan və ya müşaiyət edən 11 AXCP üzvü həbs olunub. 

Onların əksəriyyəti inzibati qaydada həbs olunub və 1 ay sonra azadlığa buraxılıblar. 

Ə.Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş Kənan Zeynalov isə martın 22-də Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə həbs olunub. 

Onun digər ictimai əsaslarla mühafizəçisi Novruz Tağıyev isə mayın 20-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi açılıb. 

Ə.Kərimlinin digər mühafizəçisi Niyaməddin Əhmədov da 2021-ci ildə terroru maliyyələşdirmədə ittiham olunaraq 13 il azadlıqdan məhrum edilib. 

"Məni ofisdən, pasportdan, internetdən məhrum etmiş, AXCP sədri kimi tanımaqdan imtina etmiş hökumət indi bu həbslərlə  tam olaraq ev həbsinə məhkum etmək, fəaliyyətimi tamamilə məhdudlaşdırmaq istəyir. Bəs deyirdilər, ölkədə müxalifət yoxdur? Nəyə görə özünüzü "olmayan" müxalifəti təcrid etmək üçün bütün dünya qarşısında, ən əsası da öz xalqımızın qarşısında ifşa edirsiz?", - Ə.Kərimli qeyd edib. 

AXCP-nin, ümumilikdə, 15-ə yaxın üzvü uzunmüddətli həbsdədir. Onlar ittihamları rədd edir və siyasi fəaliyyətlərinə görə həbs olunduqlarını bildirirlər.