Bakı İstintaq Təcridxanasının (BİT) qadın korpusunda saxlanılan məhbusların Meydan TV-yə göndərdikləri məktubda belə deyilir.
Onların sözlərinə görə, AbzasMedia-nın jurnalistləri Lənkəran Penitensiar Kompleksinə aparıldıqdan sonra orada kordinal dəyişikliklər müşahidə olunur.
“Oktyabrın sonlarından etibarən qadın korpusunda nəfəsliklər bağlanıb. Digər korpuslarda günün müxtəlif saatlarında nəfəslik açılsa da, burada hətta gəzinti yeri bağlandıqdan sonra da qapalı qalır. Nəfəs almaq da pullu olub. Gecədən səhərə qədər nəfəsliyin açıq qalmasını istəyirsənsə, 30 manat ödəməlisən” – məhbus deyib. Qadın korpusuna yeni “dəb”də gəlib: hansısa məhbus söz demək istəyirsə, qapını döyüb səs sala bilməz. O, istəyini kağıza yazıb nəfəsliyin bir hissəsindən bayıra çıxarmalıdır. Bu “xahiş kağızı” görülsə, o zaman istəyinə vaxta ayıran tapılacaq. Əksər halda isə bu kağızlar yerə düşür və diqqət yetirən olmur.
Penitensiar Xidmətin dustaqlar üçün ayırdığı yastıq 10 manat, döşəklər isə 50-100 manat arasında dustaqlara satılır. Ödəniş etmirsənsə, məcburən köhnə, nimdaş içərisindəki pambığı düyümlənmiş döşəklərdə yatmalı olursan. 50-100 manata satılan döşək də yeni olmur, köhnə məhbuslardan qalır. Əgər kameranı bəyənməyində yaxşı otağa keçmək istəyirsənsə, azı 100-200 manat ödəməlisən.
Narkotik istifadəçisi olduğu üçün həbs olunan şəxslərə deyilib ki, Amnistiya Aktının onlara şamil edilməsindən ötrü mütləq müalicə almalarına dair arayışları olmalıdır. Bu arayış üçün isə rəis müavini Əhəd Abdiyevə 135 manat ödənilməlidir. Niyə 135 manat sualının cavabı isə heç kimdə yoxdur.
“Jurnalistlər buradan gedəndən sonra məhbusların vəziyyəti xeyli ağırlaşıb”.