ABŞ əsgərinin ayağı dəydiyi ölkələr niyə bədbəxt olur?

Son yüzillikdə baş verənlər göstərir ki, Amerika əsgərinin çəkməsi dəyən ölkələr xoşbəxtlikdən məhrum olurlar: Vyetnamdan tutmuş İraqa, Əfqanıstana qədər... Hətta ABŞ qoşunlarının sülh yaratmaq adı ilə girdikləri ölkələrdə on illərlə sülh əldə etmək mümkünsüz hala gəlir.

Bir vaxtlar, daha dəqiqi, İraqa hücum zamanı, hətta 2011-ci ildə baş verən “Ərəb baharı” dövründə ABŞ-ın bölgəyə sülh və demokratiya gətirəcəyini, müdaxilələrin arxasında məhz bu məqsədin dayandığını yazırdıq. Nəinki jurnalistlər, ictimai fəal kəsimin böyük hissəsi səmimi olaraq bu düşüncədəydi. Lakin sonralar aydın oldu ki, Amerikanın məqsədi heç də Yaxın Şərqin diktaturadan əziyyət çəkən ölkələrinə demokratiya gətirmək olmayıb. Dünyanın supergücü hesab olunan ABŞ özünün və yaxın müttəfiqlərinin iqtisadi maraqlarını təmin etmək, özünə rəqib bildiyi dövlətlərin siyasi-iqtisadi nüfuz irəliləyişinin qarşısını almaq məqsədlərini güdərək müxtəlif ölkələrə hərbi müdaxilə edib.

Siyasi şərhçi Asif Nərimanlının fikrincə, ABŞ nə qədər sivil, dünya üçün demokratiya nümunəsi hesab olunsa da, bu ölkənin özü ilə ölüm gətirdiyi gerçəkliyi qətidir: “Amerika Birləşmiş Ştatlarının yaranma tarixindən günümüzə qədər bu gerçəklik dəyişməyib. Amerikalı tarixçi Hovard Zinnin ”Amerika Birləşmiş Ştatları Xalqlar Tarixi" kitabına baxsanız, işğal, ölüm tarixinin Kolumbdan başlandığını görə bilərsiniz.

 Bunu başqa ölkənin yox, ABŞ-ın öz tarixçisi yazır. Yaxud Con Perkinsin “İqtisadi killerin etirafları” kitabı ABŞ-ın siyasətini anlamaq üçün ən yaxşı mənbələrdən biridir. Panamanın işğalı, Körfəz müharibəsi, İraqa müdaxilə və nəhayət, 2001-ci il 11 sentyabrından sonra ABŞ-ın sülhü təmin etmək, demokratiya qurmaq bəhanəsi ilə müdaxilə etdiyi ölkələrdəki vəziyyət gerçəyin heç də təqdim edildiyi kimi olmadığını sübut edir.

İraq hələ də özünə gələ bilməyib, Liviya ikiyə parçalanıb, “ərəb baharı”ndan sonra Yaxın Şərqdə başlanan müharibə hələ də davam edir, Suriyanın taleyi müəmmalıdır. Talibanın gəlişindən sonra Əfqanıstanın da gələcəyi sual altındadır. Bu və müharibələrin getdiyi digər ölkələrin hər birində ABŞ-ın imzası var".

A.Nərimanlı deyir ki, Birləşmiş Ştatlar müdaxilə siyasətindən bir neçə istiqamətdə qazanc əldə edir: “Birincisi, siyasi qazancdır, yəni dünya liderliyini davam etdirir, ölkələri özündən asılı vəziyyətə salır. İkincisi, ABŞ-ın müdaxilə etdiyi ölkələrin hər biri təbii sərvətlərlə zəngin olanlardır. Üçüncüsü, silahdan əldə olunan gəlirlərdir. Müharibələrin getdiyi bütün bölgələrdə toqquşan tərəflərə silah satışını həyata keçirən ölkələrdən biri də ABŞ-dır. Dördüncüsü, müharibələrdən sonra dağılmış şəhərlərin bərpasını əksər vaxt ABŞ şirkətləri həyata keçirir.

Bu mexanizm adətən belədir ki, Birləşmiş Ştatlar həmin ölkəyə kredit ayırır, bu kredit ölkəyə gəlmədən ABŞ şirkətlərinin hesablarına köçürülür, həmin şirkətlər işi həyata keçirir, kredit ayrılan ölkə isə ABŞ-a borclu qalır və çox vaxt borcunu ödəyə bilmədiyi üçün siyasi asılılığı qəbul edir. Amerika müdaxiləsinin böyük qazanclar gətirdiyi şübhəsizdir və qeyd etdiyimiz kimi, bu müdaxilələrin siyasi və iqtisadi qazancları olur. Misal üçün, ABŞ əsgərlərinin çıxdığı Əfqanıstanda Vaşinqtonun 20 il ərzində milyardlarla dollar vəsait xərclədiyi haqda hər kəs danışır. Amma 20 il ərzində Əfqanıstanda qazanc əldə edən də Amerika şirkətləri idi. Yəni ABŞ qazanmadığı yerə vəsait xərcləməz”.