Rusiyanın Sank-Peterburq şəhərində fəaliyyət göstərən Əhli-beyt hüseyniyyəsində növbəti cümə namazı qılınıb

Rusiyanın Sank-Peterburq şəhərində fəaliyyət göstərən Əhli-beyt hüseyniyyəsində Höccətül-islam Hacı Rüfət Məmmədovun imaməti ilə cümə namazı qılınıb. Hacı Rüfət Məmmədov cümə namazının birinci xütbəsində Rəcəb ayının gəlişi münasibətilə ilə möminləri təbrik etməklə söhbətinə başlayıb və bu xütbədə Rəcəb ayının duasının şərhindən danışıb.

O, ikinci xütbəsində Həzrət İsanın (ə) şəxsiyyət və nəsihətləri haqda söhbət edib. Hacı bildirib ki, bizim inancımıza və Quranın buyurduğuna əsasən, Həzrət İsa öldürülməyib, əksinə, göylərə ucalıb. İmam Zaman (ə.f) zühur etdikdə isə Həzrəti İsa (ə) zühur edərək Həzrəti Bəqiyyətullaha (ə.f) kömək edəcək.

İlahiyyatçı daha sonra Həzrəti İsanın nəsihətlərinə əsasən, hazırda gündəm məsələ olan ailə, ailədə ər-arvad arasında yaranan problemlərə də toxunub. O, söhbətin yekununda buyurub ki, bugünkü dünyamızda bəşəriyyətin üzləşdiyi problem və bəlaların ən əsas səbəbi məhz tağut və zalımların hakim olması, insanların onlara itaət etməsidir və hökmən şərt deyil ki, bu gün min illər əvvəldə olduğu kimi eyni bəlalar gəlsin, indi dünyada hökm sürən həmin həyat tərzinin, əmin-amanlığın olmamasının və müharibələrin özü də bəladır.