Çin Avropa bazarını ələ keçirir, avropalılar isə həyəcan təbili çalır

Avropanın avtomobil sənayesi yüksək keyfiyyətli Çin avtomobillərinin inanılmaz aqressiv qiymətlərlə axını fonunda təhdid altına düşüb.
Brüsselin 2024-cü ildə Çin elektromobillərinə 35% daha sonra isə əlavə 10% idxal rüsumu tətbiq etməsinə baxmayaraq, Çin avtomobillərinin Avropada satışı 2024-2025-ci illərdə təxminən iki dəfə artıb. 2025-ci ilin ilk 9 ayı ərzində isə Avropada yarım milyon Çin modeli satılıb.
Çinin elektromobil nəhənglərindən olan BYD isə satışlarının 225% artdığını və Avropa Birliyində elektromobil satışına görə liderə çevrildiyini bildirib.
Çinin avtomobil sənayesi 1950-ci illərdə yaransa da uzun müddət beynəlxalq bazarlarda özünə yer edə bilməyib. Soyadını çəkilməsini istəməyən və uzun illər Avropada avtomobil sənayesində çalışan Tomas deyir ki, hələ 2020-ci ildə avropalılar Çin brendləri haqqında yaxşı sözlər söyləmirdilər. Tomas deyir ki, avropalılar o zaman deyirdilər ki, “Onlar avtomobil yığa bilmirlər, 20, 30, 40 il lazımdır ki, gəlib bizə çatsınlar”:
“Nəticədə cəmi 5 ilə onlar bizi keçdilər. İndi onların maşınları sadəcə möhtəşəmdir”.
Çin avtomobil istehsalçılarına subsidiyalarla yardım etdiyini inkar etsə də AB 2024-cü ildə dövlət vəsaitlərinin bütün tədarük zəncirində olduğunu müəyyən edib. Eyni ildə ABŞ-nin Çin elektromobillərinin onun sənayəsinə zərər vurmasını müəyyən etməsindən sonra bəzi dövlət dəstəkli modellərə 100%-lik rüsum tətbiq olunub.
AzadlıqRadiosuna danışan “Madox” konsaltinq şirkətinin idarəçi tərəfdaşı Pol Bennet isə Çin maşınlarının Avropa bazarına gəlməsinin təkcə kommersiya ilə bağlı olmadığını deyib:
“Ümumilikdə iqtisadi faydalar olsa da məsələnin geosiyasi aspektini gözardı etmək olmaz. Məncə bu, Çinin qlobal iqtisadi dinamikanı və özünün dünya arenasında mövqeyinin güclənməsi üçün geniş səylərinin tərkib hissəsidir”.
Avropa Birliyi isə tətbiq etdiyi rüsumları birlik daxilində istehsal olunan Çin avtomobillərinə aid etmir. Buna isə Çin şirkətləri çox qısa zamanda uyğunlaşa bilirlər.