Bu il Azərbaycanda ən az 42 hərbçi qeyri-döyüş şəraitində ölüb

2025-ci ildə Azərbaycanda ən az 42 hərbçi qeyri-döyüş şəraitində vəfat edib.

Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutunun bu il üçün hesabatında deyilir. 

Onlardan 12-si müxtəlif xəstəliklər, 10-u intihar,  7-si avtomobil qəzası, 7-si müxtəlif bədbəxt hadisələr (qar uçqunu, suda boğulma, qayadan yıxılma, qaz sızması), 2-si qeyri-qanuni əməllər, 2-si mina partlayışı, daha 2-si isə naməlum səbəbdən vəfat edib. 

Ölən hərbçilərin 24-ü Müdafiə Nazirliyinin, 11-i Dövlət Sərhəd Xidmətinin, 2-si Ədliyyə Nazirliyinin, 2-si Fövqəladə Hallar Nazirliyinin, 1-i Prezidentin Təhlükəsizlik Xidmətinin, digəri isə Daxili Qoşunların hərbi qulluqçuları olub. 1 nəfərin xidmət etdiyi qoşun növünü müəyyən etmək isə mümkün olmayıb.

Onların 25-inin əsgər, 7-sinin zabit, 6-sının gizir, 2-sinin müddətdən artıq xidmət edən hərbi qulluqçu, 2-sinin isə kursant olduğu bildirilir. 

İnstitut əlavə edir ki, 2025-ci ildə ən azı 11 hərbi qulluqçu müxtəlif səbəblərdən xəsarət alıb. Onlardan 7-si mina partlayışı və 1-i antiterror əməliyyatı zamanı yaralanıb, 3 nəfər isə zəhərlənib. 

Müqayisə üçün, 2024-cü ildə Azərbaycanda 51 hərbi qulluqçu vəfat edib və onların 49-u qeyri-döyüş itkiləri olub. 

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun direktoru Cəsur Məmmədov "Toplum TV"-yə deyib ki, qeyri-döyüş itkilərinin səbəbi korrupsiyadır. 

"Baxmayaraq ki, hərbi xərclər artırılır, büdcədən ayrılan pul əsgərə gəlib çatmır. Əsgərlərin təminatında və yaşayış şəraitində irəliləyişlər yoxdur. Problemlərin həlli Azərbaycanın müqaviləli orduya keçidi ilə bağlıdır. Nə qədər ki, orduda ciddi islahatlar aparılmayıb, ordunun təminatı müasir standartlara uyğunlaşdırılmayıb, əsgər ölümləri davam edəcək", - o qeyd edib.