Azərbaycanın tikinti şirkəti Gürcüstanda körpünün uçmasında ittiham olunur

Gürcüstan dövləti aralarında Azərbaycanın "Akkord" tikinti şirkətinin nümayəndələri də olan beş nəfərə qarşı dələduzluq və mənimsəmə maddələri ilə ittihamlar irəli sürüb. 

Onlar dövlət vəsaiti hesabına tikintisi həyata keçirilən körpünün uçmasında təqsirləndirilir. 

Bunu Gürcüstanın Korrupsiya Cinayətləri ilə Mübarizə Departamentinin rəhbəri Malkaz Kapanadze mətbuat konfrasında açıqlayıb. 

Təqsirləndirilənlər arasında Gürcüstanın Yollar Departamentinin sabiq sədr müavini Levan Kupataşvili də var. Ona qarşı mənimsəmədən əlavə vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı da irəli sürülüb. Bu ittihamlar üzrə o, 11 ilədək azadlıqdan məhrum edilə bilər.

Digər dörd nəfər arasında 2018-ci ildə Gürcüstanda dövlət müqaviləsini qazanmış “Akkord”un adları açıqlanmayan direktoru və iki layihə meneceri, həmçinin işlərə nəzarət edən beynəlxalq konsorsiumun baş mühəndisi də var. Onlar ölkədə olmadığına görə onlara qarşı qiyabi ittihamlar irəli sürülüb. 

Kapanadzenin sözlərinə görə, bu dörd nəfər mənimsəmə və dələduzluq ittihamları üzrə 9 ilədək həbs cəzası ala bilərlər.

2023-cü ilin fevralında Gürcüstanın qərbində Samtredia-Qriqoleti avtomobil yolunun tikilməkdə olan körpüsü daşqın nəticəsində zədələnmiş və sonradan uçmuşdu. Hadisə zamanı xəsarət alan olmasa da, fakt üzrə cinayət işi açılmışdı. 

Gürcü prokurorlar iddia edirlər ki, “Akkord” şirkətinin nümayəndələri faktiki olaraq yerinə yetirilməmiş işlərə görə nəzarət sertifikatlarını saxtalaşdırıblar və konsorsiumun eksperti də bu sənədləri təsdiqləyib.

Kapanadzenin sözlərinə görə, Kupataşvili dövlət rəsmisi kimi yerinə yetirilməmiş işlərə görə 1,172,539 lari (427,935 ABŞ dolları) məbləğində ödənişi təsdiqləməkdə ittiham olunur.

İttihama görə, “Akkord” tamamlanmamış və ya keyfiyyətsiz işlərə görə əlavə 3,859,678 lari (1,4 milyon ABŞ dolları) məbləğində vəsaiti “dələduzluq yolu ilə əldə edib” və prokurorların fikrincə, bu, körpünün dağılmasına səbəb olub.

Kapanadze deyib ki, bərpa xərcləri də daxil olmaqla, dövlətin ümumi zərəri 16 milyon laridən (5,8 milyon ABŞ dolları) çoxdur. 

Gürcüstanın fakt yoxlayıcı media qurumu "iFact" bundan əvvəl də ölkədə “Akkord”un iştirakı ilə həyata keçirilmiş, lakin yarımçıq qalmış digər layihələr barədə məlumat vermişdi.