Paşinyan və Əliyev Çində “Zəngəzur dəhlizi” termini üstündə mübahisə edib

Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevin “Zəngəzur dəhlizi” terminindən istifadəsini mübahisələndirib. 

Çinin Tiencin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının sammitində çıxış edən Əliyev əvvəllər olduğu kimi yenə də Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək yolu “Zəngəzur dəhlizi” adlandırıb. 

Prezident avqustun 8-də Vaşinqtonda ABŞ və Ermənistan liderləri ilə əldə etdiyi razılaşmanın “beynəlxalq yükdaşımalar üçün tranzit imkanlarının genişlənməsinə xidmət edəcəyini” bildirib. 

“Əminəm ki, yaxın gələcəkdə Zəngəzur dəhlizi həm Orta Dəhlizin, həm də Şimal-Cənub dəhlizinin növbəti mühüm seqmentinə çevriləcək, sülhü, çoxtərəfli tərəfdaşlığı möhkəmləndirəcək və Azərbaycan sərhədinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq qonşularımıza fayda gətirəcək”, - o qeyd edib. 

Daha sonra çıxış edən Paşinyan isə sözügedən terminin istifadəsinin Vaşinqton razılaşmasına zidd olduğunu iddia edib. 

“Vurğulamaq istəyirəm ki, Ermənistan və Azərbaycan liderləri tərəfindən qəbul olunmuş Bəyanatda müəyyən terminologiya da razılaşdırılıb və hesab edirəm ki, bu dəqiqləşdirilmiş, razılaşdırılmış terminologiyanın istifadəsi konstruktiv atmosferə və gələcək işlərin icrasına töhfə verəcək. Həmçinin, tərəfdaşlarımızı məlumatlandırmaq istəyirəm ki, xüsusilə də, Azərbaycan prezidentinin istifadə etdiyi ifadələr Vaşinqtonda razılaşdırdığımız məntiqə sığmır, xüsusilə də nəzərə alsaq ki, bu razılaşmalar çərçivəsində Ermənistan Respublikası və ABŞ “Beynəlxalq Sülh və Rifaha görə Tramp Marşrutu” adlı kommunikasiya investisiya proqramını həyata keçirəcəklər. Bu proqram Ermənistan Respublikasının “Sülh Kəsişməsi” layihəsindən irəli gəlir və Ermənistan Respublikası ilə ABŞ bu layihəni inkişaf etdirmək və ona investisiya yatırmaq üçün ikitərəfli memorandum imzalayıblar”, - o deyib. 

Paşinyan ölkəsinin “TRIPP” razılaşmasını “ən qısa zamanda həyata keçirmək əzmində” olduğunu bildirib. 

“Bütün bunların nəticəsində yalnız Ermənistan və Azərbaycan arasında daxili, ikitərəfli və beynəlxalq kommunikasiya açılmayacaq, həm də Şanxay Əməkdaşlıq Təşkilatının bütün üzv dövlətləri, o cümlədən bizim və Azərbaycanın birbaşa qonşuları üçün yeni logistika imkanları yaradılacaq”, - o əlavə edib. 

Avqustun 8-də Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderlərinin verdiyi birgə bəyannamədə qeyd olunan məsələlərdən biri də Azərbaycanı Naxçıvana birləşdirəcək, “Tramp marşrutu” adlanan yoldur. 

Bəyannamənin 4-cü maddəsində deyilir ki, Ermənistan öz ərazisində “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) bağlantı layihəsi üçün çərçivənin müəyyən edilməsi məqsədilə ABŞ və qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflər ilə əməkdaşlıq edəcək. “Biz bu məqsədə ən qısa zamanda nail olmaq üçün xoş niyyətlə səy göstərməyə dair qətiyyətimizi təsdiq edirik”, - deyə qeyd olunub. 

ABŞ prezidenti Donald Tramp isə birgə mətbuat konfrasında deyib ki, Ermənistan marşrutun 99 illiyə ABŞ-yə icarəyə verilməsinə razı olub. 

Azərbaycandan Naxçıvana maneəsiz nəqliyyat yolunun açılması barədə öhdəlik hələ 2020-ci ilin noyabrın 10-da İkinci Qarabağ Müharibəsini sonlandıran, Rusiya prezidentinin iştirakı ilə imzalanan bəyanatda öz əksini tapmışdı. 

Azərbaycan prezidenti İlham Əliyev və digər rəsmilər o vaxtdan bəri bu yolu “Zəngəzur dəhlizi” adlandırır. Hətta Əliyev 2021-ci ilin aprelində AzTV-yə müsahibəsində deyib ki, Ermənistan istəsə də, istəməsə də, “Zəngəzur dəhlizi” icra olunacaq. “İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik”, - o qeyd edib.