Tramp-Putinlə nəticəsiz görüşündən sonra Zelenskini ABŞ-a dəvət etdi

Tramp sammitdə razılaşma əldə olunmadığını bildirib:
“Tam qarşılıqlı anlaşma tapa bilmədik”
Dünən, avqustun 15-də ABŞ və Rusiya prezidentləri arasında Alyaskada baş tutan görüşdən sonra Donald Tramp Vladimir Zelenski ilə telefonla əlaqə saxlayaraq, danışıqların nəticələri barədə məlumat verib.
Zelenski sosial şəbəkədə yazıb:
“Ümumilikdə bir saat yarımdan çox, Prezident Trampla təxminən bir saat danışdıq. Biz Prezident Trampın Ukrayna – ABŞ - Rusiya üçtərəfli görüşünün keçirilməsi təklifini dəstəkləyirik. Müharibənin başa çatması ilə bağlı bütün təfərrüatları bazar ertəsi Vaşinqtonda Prezident Trampla müzakirə etmək niyyətindəyəm. Dəvətə görə minnətdaram”.
Danışıqların məzmunu ilə tanış olan Avropa rəsmiləri isə Kiyevə qeyri-əlverişli şərtləri qəbul etməsi üçün təzyiq göstərilə biləcəyindən narazıdırlar. “Bloomberg” yazır ki, danışıq iştirakçıları arasında sazişin Ukraynadan ərazi güzəştləri tələb edə biləcəyi ilə bağlı narahatlıqlar səsləndirilib. AB və NATO, sülh prosesinin onların aktiv iştirakı olmadan getməsindən və bunun Qərbin növbəti danışıqlardakı mövqeyini zəiflədə biləcəyindən narahatdırlar.
Rusiya tərəfi isə hüquqi cəhətdən təsdiqlənmiş və təhlükəsizlik məsələlərini, həmçinin Moskva üçün mümkün zəmanətləri əhatə edəcək həll yolu üstündə durur.