Abzas Media”, “Toplum TV”, Meydan TV” və digər xəbər məhbuslarının suçsuzluğuna özüm kimi əminəm

"Artıq 2-ci ildir ki,heç bir suç işləmədiyim və haqqımda heç bir məhkəmə hökmü olmadan doğum günümü həbsdə 4 kv.m-lik hücrədə keçirirəm.
Bu, ömrümün 30 ilindən çox sərf etdiyim media azadlığına, jurnalistika peşəkarlığına, təhlükəsizliyinə basqılara verdiyim reaksiyaların hüquq müdafiəsinə sərf etdiyim barışmaz çabalarımın “bədəlidir”.
Ölkədə yüzlərlə jurnalistə media hüququnu, media etikasını, jurnalist peşəkarlığını təlqin və tədris etmək suç yox, qürur duyulacaq haldır. Lakin jurnalistika peşəkarlığına sadiq qalıb, barışmaz şəkildə prinsipiallıq göstərən gənclik övladlarımızın”cəzalandırılaraq” həbsdə çürüdülməsi, 11-12 illik həbslə təhdid edilməsi bir media hüququ mütəxəssisi kimi məni həddindən çox məyus edir.
Ağır sağlıq problemlərimə,dayanılmaz ağrılarıma rəğmən, təcridxananın koridorlarında təsadüfən qarşılaşdığım zaman boynuma sarılan və üzüntüsünü göstərən Sevincin, Nərgizin, Elnarənin məğrur, əyilməz duruşu mənə qüvvət verir, mənəvi güc verir.
Bütün qorxutmalara,məhrumiyyətlərə baxmayaraq, jurnalistikanın prinsiplərinə sədaqətlə bağlı olduqlarına görə, cəmiyyətin gələcəyinə verdikləri tövhəyə görə bir bədəl ödədiklərini bilir, dik duruşlarını sürdürürlər.
“Abzas Media”, “Toplum TV”, Meydan TV” və digər xəbər məhbuslarının suçsuzluğuna özüm kimi əminəm. Onlarla jurnalist, vətəndaş cəmiyyəti fəalı, hüquq müdafiəçisi cəmiyyətdən, ailəsindən, işindən qoparılaraq həbsdə saxlanılır.
Sonda 2 ildir doğum günümü həbsdə keçirdiyimə görə üzülən,pərişan olan və məni təbrik edən hər kəsə dərin təşəkkürümü çatdırıram. Çox sağ olun!"
 
Ələsgər Məmmədli Kürdəxanı təcridxanası
24.05.2025.
 
 
 
Bütün reaksiyalar: