Mayın 14-də "Gənc Qazilər" İctimai Birliyinin həbsdə olan sədri Hacı Vəliyevin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
Xətai Rayon Məhkəməsində hakim Aygün Həsənovanın sədrliyi ilə keçirilən prosesdə vəsatət təmin edilməyib və Hacı Vəliyev həbsdə qalıb.
Müdafiə tərəfi vəsatətin Hacı Vəliyevin səhhətindəki problemlərə görə verildiyini bildirmişdi.
Bir müddət əvvəl Vəliyevin yaxınları onun 1 Saylı Respublika Psixiatriya Xəstəxanasına aparıldığı barədə məlumat vermişdilər.
Bildirilmişdi ki, Hacı Vəliyev havaya çıxa bilmir, gözləri ağrıyır və iltihablanıb.
Hacı Vəliyev İkinci Qarabağ Müharibəsindən sonrakı dövrdə döyüşlərdə sağlamlığını itirmiş hərbçilərin və şəhid ailələrinin problemlərini ictimailəşdirib.
O, martın 18-də küçə ticarətilə məşğul olan qazilərin polis müdaxiləsinə məruz qalması ilə bağlı videomaterial yaymışdı.
Martın 31-də 2-ci qrup əlil Hacı Vəliyevi polis əməkdaşları saxlayıb. O, əvvəllər barəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi üzrə olan cinayət işi ilə bağlı tutulub. Ancaq cinayət işinin konkret motivi açıqlanmayıb.
Hacı Vəliyev ona qarşı irəli sürülən ittihamı qəbul etmir.
"Gənc Qazilər" İctimai Birliyinin sədri Hacı Vəliyevin ev dustaqlığına buraxılmayıb