Məhkəmə “Azadlıq Radiosu” və “Amerikanın Səsi”nin əleyhinə qərar verib

ABŞ-da apellyasiya məhkəməsi “Azadlıq Radiosu” və “Amerikanın Səsi” media orqanlarının əleyhinə qərarlar verib. 

Mayın 1-də Vaşinqtonun Kolumbiya Dairə Məhkəməsinin hakimləri “Azadlıq Radiosu” ilə bağlı işdə aşağı instansiya məhkəməsinin çıxardığı qərarı dayandırıb. 

Aşağı instansiya məhkəməsinin hakimi Roys Lambert aprelin 29-da Konqresin “Azadlıq Radiosu”na ayırdığı pulun bir qisminin ödənilməsi haqda qərar çıxarmışdı. 

Apellyasiya məhkəməsi qərarını dövlət tərəfinin vəsatətlərini eşitmək üçün onlara vaxt tanıması ilə izah edib. Qərardan apellyasiya verilərsə, işə eyni məhkəmədə daha çox hakimdən ibarət heyət baxacaq. 

“Azadlıq Radiosu” mayın 4-dəki açıqlamasında bildirir ki, bu vaxta qədər onlarla işçi məzuniyyətə göndərilib, frilanserlərin müqavilələri ləğv edilib və azalan büdcəyə qənaət etmək üçün başqa addımlar atılıb. 

“Amerikanın Səsi”nin işinə isə mayın 3-də baxan məhkəmə aşağı instansiya məhkəməsinin bu media qurumunun işinə davam etmə icazəsi verən qərarını dayandırıb. 

Bundan bir gün əvvəl isə media orqanının tabe olduğu ABŞ Qlobal Media Agentliyi məzuniyyətə buraxılmış işçilərə mayın 5-dən işə davam edə biləcəkləri haqda bildiriş göndərib. Lakin məhkəmənin qərarı onların aqibətini sual altına alıb. 

ABŞ Prezidenti Donald Tramp martın 14-də “Azadlıq radiosu”, “Amerikanın Səsi” və digər federal yayımçılara nəzarət edən ABŞ Qlobal Media Agentliyi (USAGM) də daxil olmaqla, yeddi federal agentliyi ixtisar etməyə yönəlmiş icra sərəncamı imzalayıb.