Rusiya Xarici İşlər Nazirliyi hesab edir ki, Bakının həbsdə olan Rusiya vətəndaşlarını azad etməsi iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində mühüm addım ola bilər. Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə açıqlama verib.
Onun sözlərinə görə, Moskva Azərbaycana konsulluq əməkdaşlarının həbsdə olan həmvətənlərlə görüşməsi üçün müraciət göndərib, həmçinin onların sağlamlıq durumu barədə məlumat istəyib. Lakin hələlik bu sorğular cavabsız qalıb.
“Dördüncü dəfə konsulluq əməkdaşlarının saxlanılanlarla görüşməsi üçün müraciət göndərilib. Amma Azərbaycan tərəfi hələlik buna razılıq verməyib. Biz belə bir razılığın veriləcəyini gözləyirik”, – deyə Zaxarova bildirib.
O əlavə edib ki, iyulun 2-də saxlanılanların sağlamlıq vəziyyəti və tibbi yardım alıb-almamaları ilə bağlı da sorğu göndərilib:
“Cavab, təəssüf ki, hələ də daxil olmayıb. Biz cavabın veriləcəyinə ümid edirik”, – Zaxarova vurğulayıb.
Bakının həbsdə olan Rusiya vətəndaşlarını azad etməsi iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində mühüm addım ola bilər