Əfqan Sadıqov azadlığa buraxılıb

Gürcüstanda həbsdə olan azərbaycanlı jurnalist Əfqan Sadıqov aprelin 16-da azadlığa buraxılıb.

Tbilisi məhkəməsi prokurorluğun vəsatətini təmin edərək Sadıqova tətbiq olunan ekstradisiya həbsini girovla əvəz edib. 

Gürcüstan qanunvericiliyinə əsasən, ekstradisiya məqsədilə həbsin maksimum müddəti 9 ay təşkil edir. 

Əfqan Sadıqov üçün bu müddət 2025-ci il mayın 3-də başa çatırdı. 

Bu səbəbdən Gürcüstan Prokurorluğu həbs tədbirinin dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət edib.

Məhkəmə jurnalisti 5 000 lari  (təxminən 3 000 manat) məbləğində girov qarşılığında azadığa  buraxıb. 

Tbilisi məhkəməsi bu qərarı 2025-ci il fevralın 27-də İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən qəbul edilmiş qərara əsaslanaraq çıxarıb. 

Qərara əsasən, Gürcüstan hakimiyyətinə jurnalistin Azərbaycana ekstradisiyası qadağan edilib. 

“Azel TV” YouTube kanalının rəhbəri olan Əfqan Sadıqov ötən il avqustun 3-də Tbilisidə həbs edilib. 

Gürcüstan tərəfinin məlumatına görə, Sadıqov hədə-qorxu ilə pul tələb etmə ilə bağlı cinayətlərə görə Azərbaycan tərəfindən axtarışa verilib. 

Ailəsi, hüquq müdafiə təşkilatları və müstəqil media onun həbsini siyasi təqib ilə əlaqələndirirdilər.

 

ToplumTV