ATƏT missiyası Azərbaycanda keçirilən parlament seçkilərinin nəticələrini sual altına alır

Azərbaycanda növbədənkənar parlament seçkiləri seçicilərə siyasi alternativlər təklif etməyib və əsas azadlıqların və kütləvi informasiya vasitələrinin həddən artıq məhdudlaşdırılması ilə keçirilib. Bu barədə ATƏT-in  Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu və ATƏT Parlament Assambleyası beynəlxalq müşahidəçilərinin sentyabrın 1-də Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin yekunlarına dair birgə bəyanatında deyilir.

Seçki qanunvericiliyi son parlament seçkilərindən bəri xeyli dərəcədə dəyişməz qalıb və tövsiyələr nəzərə alınmayıb.  Namizədlərin qeydiyyatı prosesi həddindən artıq tələblər, qeyri-ardıcıl prosedurlar və hədə-qorxu səbəbindən namizədlərin öz namizədliklərini geri götürməsilə keçdi və siyasi partiyalara yeni tələblər onların qeydiyyatı üçün əlavə məhdudiyyətlərə çevrildi.

"Bu seçkilər siyasi plüralizmin olmadığı məhdud siyasi və hüquqi mühitdə keçirildi ki, bu da seçki prosesinə xələl gətirdi", - ATƏT-in qısamüddətli müşahidəçilərinin rəhbəri və koordinator Maykl Krid deyib.

"Bundan əlavə, hakim partiya üzvlərinin seçki komissiyalarında üstünlük təşkil etməsi və müstəqil yerli müşahidəçilərin girişinə qoyulan məhdudiyyətlər demokratik seçkilərin əsasını təşkil edən şəffaflıq prinsiplərinə ziddir", -  o əlavə edib.

Seçkilərdə iştirak etmək üçün 6,4 milyon seçici qeydə alınıb. Bu, seçki yaşına çatmış vətəndaşların sayından təxminən 1,2 milyon azdır və bu, seçici reyestri məlumatlarının dəqiqliyinə dair suallar doğurur.

Seçkilərə hazırlıq effektiv aparılsa da, seçicilərin məlumatlandırılması üçün geniş  kampaniya olsa da, seçki administrasiyası faktiki olaraq  hakim partiya tərəfindən idarə olunub ki, bu da onun qərəzsizliyini şübhə altına alır.

Müşahidəçilər açılış və səsvermə proseslərini mütəşəkkil hesab edirlər, lakin mühüm prosedurların və zəmanətlərin ciddi pozulması, xüsusilə səslərin sayılması zamanı ciddi pozuntular baş verib.

Seçki kampaniyası çətinliklə nəzərə çarpıb, o cümlədən də İnternetdə. Müşahidəçilərə təşviqat tədbirlərində iştirak etmək məcburiyyətində qalan dövlət sektorunun əməkdaşları və digər şəxslər barədə məlumat verilib. Bu da seçicilərin qorxudulması və cəzadan ehtiyat etməyərək səs vermə imkanları ilə bağlı narahatlığa səbəb olub. Eyni zamanda, jurnalistlərin, vətəndaş cəmiyyəti fəallarının həbsinin və saxlanmalarının artması KİV-in məhdudlaşdırıcı hüquqi bazası ilə birlikdə geniş yayılmış özünüsenzuraya səbəb olub və müstəqil jurnalistikanın imkanlarını ciddi şəkildə məhdudlaşdırıb. Hakimiyyətin İnternetə və sosial şəbəkəyə nəzarət etmək niyyəti səbəbindən siyasi mübahisələr daha çox susdurulub.

"Həqiqi seçim və iştirakın olmaması əhali arasında ümumi siyasi apatiyaya səbəb olub", - ATƏT Parlament Assambleyası nümayəndə heyətinin rəhbəri Lüsi Potuçkova deyib. "KİV-in işində məhdudiyyətlərin həyəcanlı tendensiyası, qeyri-hökumət təşkilatlarına təzyiqlər, o cümlədən özbaşına həbslər siyasi diskursu pozur. Mühüm islahatlar və dəyişikliklər olmasa, bu problemlər ölkədə demokratiyaya və qanunun aliliyinə xələl gətirməyə davam edəcək", - o deyib.

Qanun mülki və beynəlxalq müşahidəçilərin seçkiləri  müşahidə etməsinə icazə versə də, mülki müşahidəçilərin böyük əksəriyyəti hakim partiya tərəfindən təyin edilib ki,  bu da müstəqil müşahidəçilərin seçki prosesinə girişini məhdudlaşdırıb. Eyni zamanda, tanınmış mülki müşahidəçi qrupları qeydiyyata alınmayıb və maliyyədən məhrum edilib, bəzi görkəmli üzvlər isə həbsdədir.

"Təəssüf ki, bu seçkilərdə əsl siyasi plüralizm yox idi, çoxsaylı namizədlər ciddi maneələrlə üzləşdilər, seçki komissiyaları bir çox mülki müşahidəçinin işini mümkünsüz etdi" , -  ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçkiləri müşahidə missiyasının rəhbəri Ditmir Buşati deyib. 

"Prosesin effektivliyinə baxmayaraq, bu vəziyyət seçkilərin demokratik standartlara uyğun keçirilməsinə imkan vermədi", - o əlavə edib.

Azərbaycanda növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün beynəlxalq missiyada  34 ölkədən 279 müşahidəçi olub. Müşahidəçilərin tərkibinə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun göndərdiyi 225 ekspert, eləcə də uzunmüddətli və qısamüddətli müşahidəçilər və ATƏT Parlament Assambleyasının 54 müşahidəçisi daxildir.

 

Turan.az