Vəkil Fariz Namazlı: “Bu faktiki olaraq tutulmağa bərabərdir”

 

Ötən gecə sosial media üzərindən saxlanılma xəbəri dolaşan tanınmış vəkil Fariz Namazlı gecə yarısı sərbəst buraxılıb. Onun Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanıldığı bildirilib.

Məsələ ilə bağlı vəkil öz sosial platformasında məlumat yayıb:

“Narahat olan dost, tanışlar narahat olmayın, hər şey yaxşıdır.

Dünən Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən axşam saat 9-da olduğum yerdən İdarəyə aparılmışam və burada bir cinayət işi ilə bağlı şahid qismində ifadə vermişəm. Həmin cinayət işi ilə bağlı hər hansı məlumat verə bilməyəcəm, amma görünən odur ki, artıq yeni istiqamətə keçiblər.

Ümid edirəm ki, mənim axşam, iş vaxtından sonra heç bir səbəb göstərilmədən İdarəyə aparılmağım barədə Kollegiya rəhbərliyi və Baş Prokurorluğu məlumatlandırıblar. Çünki bu faktiki olaraq tutulmağa bərabərdir və vəkil tutulduqda dərhal həmin qurumlara məlumat verilməlidir. Digər tərəfdən, vəkilləri də artıq şahid qismində dindirməyə cəhd edirlər, bu da onların peşə fəaliyyətinin keyfiyyətli şəkildə həyata keçirməsinə mane olur.

Eşqlərimlə.”