Marneulidə İmam Həsən (ə) məscidinin təntənəli açılışı olub

 İyulun 6-da Marneulinin Axlılələ kəndində İmam Həsənin adına məscidin açılışı olub.

Təntənəli mərasimdə Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi Hacı Faiq Nəbiyev, Şərqi Gürcüstan müftisi Etibar Eminov, Gürcüstan parlamentinin üzvü Zaur Darqali, Marneuli bələdiyyəsinin meri Kənan Ömərov, Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze, Türkiyə, Azərbaycan və İran səfirliklərnin nümayəndələri iştirak ediblər.

Şeyx Faiq Nəbiyev göstərdikləri köməyə və tolerant mühitin yaradılmasına görə yerli hakimiyyət orqanlarına, Dini Qurumların sədrinə minnətdarlığını bildirib. O, agentliyin “Gürcüstanda 2023-cü ildən fəaliyyət göstərən mədəni binalar” nəşrinin təqdimatını xatırladıb və məscidlərin dövlətin diqqət mərkəzində olduğunu və bunun vacib olduğunu qeyd edib.

Şərqi Gürcüstanın müftisi Etibar Eminov dövlətin Gürcüstanın müsəlman icmasına nə qədər böyük əhəmiyyət verdiyini vurğulayıb və buna görə minnətdarlığını bildirib.

Dini qurumun sədri Zaza Vaşakmadze məscidin açılışı münasibətilə toplaşanları təbrik edib və Gürcüstanda bütün dinlərə münasibətdə tolerant mühitin hökm sürdüyünü, Gürcüstanın müsəlman icmasına göstərdiyi yardımın vəziyyətini qeyd edib və məscidin tikintisinə maddi dəstək verən xeyriyyəçi iş adamı Rəhim Həsənova, həmçinin mərkəzi və yerli icra hakimiyyətinə təşəkkür edib.

Məscidin rəsmi açılışında Dini Agentliyin hüquqi təminat xidmətinin rəhbəri Davit Davitaşvili, hüquqşünas Aleksandre Şexiladze, Strateji Araşdırmalar, Təhlillər və Regionlar Xidmətinin analitiki Zviad Tkabladze və logistika meneceri Laşa Mçedlidze iştirak ediblər.

 

 

Az.shafaqna.com