Fransa Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalını məhdudlaşdırmağı dəstəkləyib

Fransa Avropa İttifaqı ölkələrinin Kiyevlə azad ticarətin müddətinin uzadılması məsələsinə dair görüşü ərəfəsində Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalının məhdudlaşdırılması ilə bağlı Polşanın mövqeyinə qoşulub.

Bu barədə “Politico” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Paris və Varşavanın qərarı alyansın Ukrayna ilə ticarət məsələsində birliyini poza və Avropa Komissiyası, Aİ Şurası və Avropa Parlamentinin martın 19-na planlaşdırılan iclasına mənfi təsir edə bilər.

Qəzet mənbələri qeyd edib ki, Fransa və Polşa tərəfindən idxalın məhdudlaşdırılması Ukraynanın ticarətdən təxminən 1,2 milyard avro itirməsinə səbəb olacaq. Belçika, Almaniya, Polşa və Fransa da daxil olmaqla, Avropa İttifaqının bir sıra ölkələrində fermerlər kənd təsərrüfatı istehsalı ilə bağlı çoxsaylı Avropa qaydalarına, habelə Ukraynadan kənd təsərrüfatı məhsullarının Qərb ölkələrinə nəzarətsiz idxalına etiraz ediblər.

Fermerlər həmçinin bürokratik prosedurların sadələşdirilməsini və kənd təsərrüfatının daha az sərt tənzimlənməsini müdafiə edirlər.

 

Report.az