COP29-da iqlim dəyişikliyi ilə mübarizə üçün 300 milyard dollar razılaşdırılıb

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) ildə minimum 300 milyard ABŞ dolları məbləğində iqlim dəyişikliyi ilə mübarizə üzrə təklif olunan sazişin yekun variantı təsdiq edilib.

Bu barədə COP29-un yekun plenar iclasında bildirilib.

Sənədə əsasən, inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə iqlim fəaliyyəti üçün ildə 100 milyard ABŞ dolları məbləğində vəsaitin birgə səfərbər edilməsi məqsədinin 2035-ci ilədək azı 300 milyard ABŞ dollarına çatdırılması təmin olunacaq.

Bununla yanaşı, COP29 Prezidentliyi Paris İqlim Razılaşmasının 6-cı bəndinin bütün müddəaları üzrə razılıq əldə edib.

Qeyd olunub ki, bu bəndin təsdiqlənməsi ölkələrin Milli İqlim Fəaliyyəti Planlarının icrası məqsədilə ildə 250 milyard dollar qənaət etməyə kömək edəcək.

COP29-un Prezidenti Muxtar Babayev bunu problemdən etibarlı çıxış yolunun tapılması istiqamətində mütərəqqi addım kimi qiymətləndirib.

"Bununla biz 1,5 dərəcəlik iqlim hədəfinə nail olmaq istiqamətində çox önəmli bir addım atdıq. 6-cı maddə tərəflərə transmilli həll variantlarını tapmaqda kömək edəcək", o qeyd edib.

COP29-un baş danışıqçısı Yalçın Rəfiyev bildirib ki, 6-cı maddəinin razılaşıdırması ilə kömür əsaslı elektrik stansiyaları istismardan çıxarılır və əvəzində küləklə işləyən elektrik stansiyalarının istismara verilməsi təşviq edilir və meşə təsərrüfatının həcmi artırılır.

“Bu isə yaşıl enerjiyə investisiya deməkdir", o qeyd edib.

COP29 Prezidentliyi qeyd edib ki, bugünkü nailiyyət qeyri-hökumət təşkilatlarının 10 ildən çoxdur davam edən aktiv əməkdaşlığı nəticəsində əldə edilib.

6-cı bəndin təsdiqlənməsi həmçinin etibarlı və şəffaf karbon bazarlarının formalaşmasını təmin etməklə yanaşı, tərəflərə özlərinin iqlim dəyişikliyi ilə mübarizə məqsədlərini reallaşdırmağa imkan verəcək.

Eyni zamanda sərhədyanı ölkələrlə bu sahədə əməkdaşlıq iqlim dəyişikliyi ilə mübarizə üzrə illik tədbirlərə sərf edilməli olan 250 milyard dollara qənaət etməyə şərait yaradacaq

COP29-da həmçinin inkişaf etməkdə olan ölkələrin, o cümlədən kiçik ada, ən az inkişaf etmiş və Afrika dövlətlərinin gözlədiyi İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını təmin edən qərar qəbul olunub.

İtki və Zərər Fondunun (Loss and Damage Fund) yaradılması Misirdə keçirilmiş COP27 zamanı qərara alınıb. Fond iqlim dəyişmələrinin təsirlərinə ən həssas ölkələrə maliyyə yardımı göstərmək məqsədi daşıyır.

Birləşmiş Ərəb Əmirliklərində keçirilmiş COP28 zamanı Fondun fəaliyyətə başlaması ilə bağlı qərar qəbul olunub.

COP29 çərçivəsində isə İtki və Zərər Fondu ilə bağlı bir sıra mühüm sazişlər imzalanıb. Bunlar Fondun İdarə Heyəti ilə Dünya Bankı arasında “Qəyyumluq Sazişi” və “Katibliyin Ev Sahibliyi Sazişi”, eləcə də Fondun İdarə Heyəti ilə ev sahibi ölkə olan Filippin Respublikası arasında imzalanmış “Ev Sahibi Ölkəyə dair Saziş”dir.
Hazırda Fonda vəd edilən ümumi maliyyə dəstəyinin məbləği 731,15 milyon ABŞ dollarından artıqdır.

BMT Baş katibi Antoniu Quttereş bəyanatında bildirib ki, COP29-da əldə olunmuş razılaşma iqlim dəyişikliyi ilə mübarizədə gələcək addımların əsasını qoyub.

“Qlobal istiləşmə həddini 1,5°C-də saxlamaq üçün COP29-da razılığın əldə edilməsi zəruri idi. Qarşılaşdığımız böyük problemlərin həlli üçün həm maliyyələşdirmədə, həm də təsirlərin yumşaldılmasında daha iddialı nəticələrə ümid edirdim, lakin təqdim olunan razılaşma gələcək inkişaf üçün əsas yaradır. Bu, tam və vaxtında tamamlanmalıdır. Mən hökumətləri bunu təcili şəkildə etməyə çağırıram”, BMT Baş katibi qeyd edib.

COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib ki, yeni milli səviyyədə müəyyən edilmiş töhfələri fevrala qədər təqdim etməyi tövsiyə edəcək.

“Braziliyanın gələcək sədrlik fəaliyyətini dəstəkləyəcəyik və Rio konvensiyaları arasında tərəfdaşlıq əlaqələrini gücləndirməyə davam edəcəyik," o qeyd edib.

BMT İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Still bidirib ki, Bakıda qəbul edilmiş qərar bütün ölkələrə iş yerləri yaratmağa, daha sürətli iqtisadi inkişafı təmin etməyə, hamı üçün daha ucuz və təmiz enerjinin əldə olunmasına kömək etməklə təmiz enerji bumunun artmasına şəriait yaradacaq.

“Bu, iqlim böhranının ön cəbhəsində olanlar, xüsusən də ən həssas olanlar üçün real müdafiə tədbirlərini maliyyələşdirməyə kömək edəcək. COP29 eləcə də karbon bazarları üzrə qlobal razılaşmaya nail olub, bu sahədə onilliklər boyu davam edən gərgin işin nəticəsində, bir neçə əvvəlki COP-un bunu əldə edə bilmədiyi bir dövrü geridə qoydu" , o qeyd edib.

 

 

 

AmerikanınSəsi