Ayətullah Əbdül Hüseyn Əmini və möhtəşəm “Əl Qədir” kitabı (1-ci hissə)

Əbdül Hüseyn Əmininin “Əl Ğədir fil kitab vəl sünnə vəl ədəb” kitabı İmam Əlinin (ə) imamət və vilayət mövzusunda geniş mənbələri əhatə etmiş ensklopediyasıdır. Cəmiyyətdə “Əl-Qədir” adı ilə tanınan kitab  11 cilddə tərtib olunmuşdur. Birinci cild Qədir Xum hədisinin sənədinin öyrənilməsinə həsr edilmişdir. Əmini Qədir Xum hədisini Peyğəmbərin (s) nəql etdiyi ən inandırıcı və etibarlı hədis hesab edir. Bu məqsədlə o, sünni mənbələrində qeyd edilən hədis sənədlərini əhli sünnə alimlərindən nəql etməklə sistemləşdirmişdir. Birinci cilddə Peyğəmbərin (s) Qədir Xum hadisəsini nəql edən 84 səhabə olmaqla 110 ravinin (hədis söyləyənin) kimliyi toplanmışdır. Növbəti altı cilddə Əmini, Qədir hədisini təqdim edir və hədisdən sitatlar gətirir. Son cildlərdə isə Qədir hədisini təqdim edərkən şiə və sünnilər arasındakı bəzi fərqlərdən bəhs edir. Bunlar: üç xəlifənin mövqeyi və şiələrin onlara dair tənqidləri, Fədək, Əbu Talibin imanı, Müaviyə ibn Əbu Süfyanın davranışının təhlili və sairlərdir.

Əmini bu kitabı yazmaq üçün Hindistan, Misir və Suriya da daxil olmaqla müxtəlif ölkələrə səfər edərək onların kitabxanalarına müraciət etmişdir. Əllamə Əminiyə görə bu mövzu ilə bağlı yüz mindən çox kitab görmüş və on mindən çox kitabı isə oxumuşdur. Əl-Qədir 40 ildən çox müddətə ərsəyə gəlmişdir. Onun haqqında çoxsaylı şərhlər və tezislər yazılmışdır. Əl-Qədirdə müzakirə olunan mövzular tematik toplu şəklində 27 cilddə nəşr edilmişdir.

Əbdül Hüseyin Əmini 1902-ci ildə Təbrizdə anadan olmuş və elmin əsaslarını o, şəhərin məktəblərində öyrənmişdir. Atası Təbrizin alimlərindən, camaat namazı imamlarından biri olur. Babası Molla Nəcəfqulu "Əminul-Şəriət" kimi tanınma səbəbdən bu ailə də məhz "Əmini" adlandırılır. Burada təhsilini başa vurduqdan sonra Əmini Nəcəfə gəlmiş və müxtəlif alimlərin dərslərindən faydalanmışdır. O hövzədə Seyid Əbül Həsən İsfəhani, Mirzə Muhəmməd Hüseyni Naini və Şeyx Əbdül Kərim Hairi Yəzdi kimi böyük müctəhidlərdən ictihad və digər hədis alimlərdən isə rəvayət etmək üçün icazə alır. Müxtəlif alimlər Əbdül Hüseyn Əmininin elmi, dini və sosial idarəçiliyindən bəhs etmiş və onu tərifləmişlər.

Əllamə Əmini "Əl-Qədir ..." kitabının yazılmasında lazım olan mənbələri toplamaq üçün müxtəlif ölkələrə səyahətlər etmişdir. Bu səfərlər zamanı o, həm dövlət, həm də özəl kitabxanaları gəzir. Heydərəbad Dəkkan, Əligəri, Ləkhanu, Kanpur, Cəlali (Hindistan), Rampur, Fuə, Mərifə, Qahirə, Hələb, Nablus, Şam və .... sair ölkələrdə kitabxanaları dolaşan Əmini “Əl Qədir” kitabını beləcə ərsəyə gətirə bilir. Muhəmməd Rza Həkiminin dediyi kimi, "Əl-Qədir" müsəlmanların ən əhəmiyyətli 150-dən çox bəhs kitabını əhatə edilmiş və məzmunu sünni meyarları və mənbələrinə əsasən araşdırılmışdır. Muhəmməd Rza Həkimi Əllamə Əmininin əsərlərini bir növ elmi yenidənqurma adlandırır və İslamın yeni araşdırılmış mənbəsi hesab edir.

Kitabın adına gəlincə isə "Əl-Ğədir fil-Kitab vəs-Sünnə vəl-Ədəb" seçilməsi xüsusi məna daşıyır. Belə ki, “Əl Qədir”-yəni Qədir Xum hadisəsi "Kitab”-yəni Quran,“Sünnə”-yəni Peyğəmbərin (s) ənənəsi və “Ədəb”-isə ədəbiyyatda deməkdir. Əllamə Əminiyə görə, bu kitab üçün bu ad, birinin Qədir hədisini və əlaqəli məsələləri inkar edərsə, əslində Quranı, sünnəni, ədəbiyyatı, tarixi və ərəb şeirinin elmi məclisini, ədəbiyyatı inkar etdiyi anlamına gəlir. Çünki müəllif iddiasını hər üç qeyd olunan mənbədən tutarlı sənədlər və qəti dəlillərlə bu kitabda sübut etmişdir.

Əl Qədir kitabı 11-cildi əhatə edir. Əllamə Əmininin başlanğıc edib, lakin tamamlaya bilmədiyi Əl Qədirin on ikinci cildi ilə bağlı onun ölümündən sonra tədqiqat davam edir. Bu onun əlyazmaları əsasında baş tutan bir araşdırma işi olur. Əlbəttə, bu Əl-Qədir kitabına əlavə yox, müstəqil nəşr olsa da, fikir baxımından ensklopediyanin davamı sayıla bilər.“Təkmilətul Ğədir fil kitab vəl sünnə vəl ədəb: Səməratul əsfariləl əqtar” kitabı Əllamənin ölümündən sonra əlyazmalarına əsaslanaraq nəşr olunan dörd cildlik bir kitabın adıdır. Əlyazmalar iki hissəyə bölünür:

1.Əllamə Əmininin (1960-cı il) Hindistana səyahətinə dair qeydləri. Bura onun dörd ay boyunca Hindistan kitabxanalarında topladığı əlyazmalar və çap olunmuş nüsxələrin təhlil və izahı daxil edilir.

2.Əllamə Əmininin (1964-cü il) Suriyaya səfəri zamanı qeydləri. Bura onun Suriya kitabxanalarındakı əlyazmalarından qeydlər izahlarla əlavə edilir.

Müəllif bu iki hissənin Əl-Qadir cildlərinin davamı üçün bir mənbə olmasını nəzərdə tutsa da, təəssüf ki, ölüm ona bu işi davam etdirmək imkanını vermir. Lakin bununla belə Əl-Qədirin davamı olaraq əsərin tamamlanması ümumilikdə 4 fəsilə bölünərək 4 cilddə çap olunur.

Birinci cilddə Əmirəlmöminin (s) fəzilətlərindən danışaraq əvvəlində onun haqqında nazil olan Quran ayələrindən bəhs olunur. Ardınca bu kitab Qədir hədisi, Peyğəmbər (s) ilə İmam (ə) arasındakı ortaq fəzilətlər və İmamın (ə) məşhur hədisləri haqqında müxtəlif sənədlər və şeirlər silsiləsi ilə əlaqəli mövzulardan bəhs olunur.

İkinci cilddə Əhli-beytin (ə), Həzrət Zəhranın (s.ə) fəzilətləri ilə başlayan, ardından İmam Həsən (ə) və İmam Hüseynin (ə) fəzilətləri bu fəslin mövzusudur. Şübhəsiz ki, burada Kərbəla hadisəsi də yer almışdır. Ayrıca bu fəsildə İmam Səccad (ə), İmam Baqir (ə), İmam Sadiq (ə) və İmam Məhdi (ə.f) haqqında da hədislər vardır.

Üçüncü cilddə Peyğəmbər (s) və səhabələri ilə əlaqəli hədislərdən bəhs edilir ki, bunlar ümumiyyətlə Peyğəmbər (s) ənənəsindən (sünnə) və səhabələri ilə əlaqəli nadir hədislərdəndir. Bu baxımdan kitabın mənbələri iki fəsildə xatırlanır, birinci fəsil Əmininin Hindistan, ikinci fəsil isə Suriya səfəri ilə əlaqədardır.

Dördüncü cildin sonunda Quran ayələri, hədislər, çap və yazılı mənbələrin siyahısı verilmişdir.

Müsəlman Birliyi Hərəkatı Təhlil və Araşdırma Mərkəzi