İsrail humanitar yardım mərkəzlərində fələstinliləri öldürməyə davam edir

İsrailin yardım nöqtələrinə hücumları beynəlxalq hüquq pozuntusu kimi qiymətləndirilir.

Hər gün yüzlərlə çarəsiz fələstinli ailələri üçün ərzaq əldə etmək ümidi ilə Qəzzada yardım maşınlarının ətrafına toplaşır. Lakin bunun əvəzində ölümcül atəşə məruz qalırlar.

Son olaraq iyunun 18-də İsrail tanklarının Qəzzada ərzaq daşıyan yardım maşınlarından yardım almağa çalışan izdihama atəş açması nəticəsində təxminən 59 nəfər həlak olub. Bu hadisə aclıq içində çarəsiz qalan mülki əhalinin üzləşdiyi ən qanlı hücumlardan biri kimi qeydə alınıb.

Qeyd edək ki, üç həftədən çoxdur davam edən bu hücumlar zamanı Qəzzanın mərkəz və cənub bölgələrindəki üç yardım paylama məntəqəsində İsrailin açdığı atəş nəticəsində 420-dən çox fələstinli həyatını itirib.

Bundan əlavə İsrailin davamlı hücumları səbəbindən Qəzzada iflas etmiş səhiyyə sistemi yaralılara ilkin tibbi yardım göstərməkdə çətinlik çəkir. Belə olduğu halda xəsarət alanlar ağrılar içində adəta həyatla ölüm arasında qalırlar.

Mübahisəli ABŞ-İsrail yardım paylama sistemi olan Qəzza Humanitar Yardım Fondu (GHF), İsrailin Qəzzaya humanitar yardım girişini tamamilə qadağan etməsindən təxminən üç ay sonra mayın 27-də fəaliyyətə başlayıb.

Qəzza Humanitar Yardım Fondu Qəzzadakı mülki əhalinin qidalanmasını hədəfləyən müstəqil bir humanitar təşəbbüs kimi təqdim olunur.

Tənqidçilər bildirir ki, GHF əslində İsrailin fələstinliləri Qəzzanın cənubunda getdikcə daralan sahələrə sıxışdırmaq strategiyasına xidmət edir.

“Euro-Med Human Rights Watch” təşkilatının yaydığı hesabatda qeyd olunur ki, İsrail ordusu logistik və silah dəstəyi ilə “Əbu Şebab” adlandırılan yerli bir silahlı dəstə formalaşdırıb. Bu dəstənin üzvləri “Fələstin terrorla mübarizə xidməti” yazılmış geyimlərdən istifadə edir və İsrail qüvvələrinin əmri altında izdihamı nəzarətdə saxlamağa, yardımları talamağa və mülki şəxslərə atəş açmağa kömək edirlər.

Məlumatda deyilir ki, bu qrup BMT-yə məxsus yardım maşınlarını talayır və içindəkiləri İsrail hərbçilərinin himayəsində yenidən satışa çıxarır.