Klublararası DÇ: PSJ “Atletiko”nu darmadağın edib

Fransa təmsilçisi PSJ klublararası dünya çempionatının qrup mərhələsinin ilk turunda İspaniyanın “Atletiko” komandasını 4:0 hesabı ilə məğlub edib.

Qarşılaşma Pasadenada (ABŞ, Kaliforniya ştatı) baş tutub.

Qaliblərin heyətində qolları Fabian Ruis (19), Vitiniya (45+1), Senni Meyulyu (87) və Li Kan İn (90+7) vurublar.

78-ci dəqiqədə “döşəkçilər”in fransalı müdafiəçisi Kleman Lanqle ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

PSJ və “Atletiko” B qrupunda Braziliyanın “Botafoqo” və ABŞ-nin “Sietl Saunders” komandaları ilə mübarizə aparırlar. Bu komandalar arasında matç iyunun 16-da keçiriləcək.

Növbəti turda parislilər Bakı vaxtı ilə iyunun 20-nə keçən gecə “Botafoqo”, “Atletiko” isə həmin vaxt “Sietl Saunders” ilə üz-üzə gələcək.