Bəhruz Səmədov təcridxanada intihara cəhd edib

Həbsdə olan sülh fəalı Bəhruz Səmədov dövlət ittihamçısının ona 16 il həbs cəzası istəməsinə etiraz olaraq intihara cəhd edib.
"Abzas Media"ya bu barədə onun yaxınları məlumat verib.
Bildirilib ki, o, kamerada özünü asıb, ancaq kamera yoldaşı tez müdaxilə edərək həyatını xilas edə bilib.
Yaxınları deyir ki, Səmədov artıq 3 gündür ölüm aclığına başlayıb. O, təcridxanaya aparılan ərzaqdan da imtina edib.
"Meydan TV" yazır ki, iyunun 21-də fəalın nənəsi Zibeydə Osmanova onunla görüşüb.
Osmanovanın sözlərinə görə, daha sonra onları hazırda Bəhruzun saxlanıldığı Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılovun yanına aparıblar:
“Rəis Bəhruza dedi ki, belə işlər etməsin və aclığı da dayandırsın. Bəhruz da dedi ki, heç bir günahı yoxdur. “Niyə mənə 16 il iş verirsiniz? Ona görə də aclığı dayandırmayacağam””.
Bəhruz Səmədovu ötən il avqustun 21-də Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları saxlayıb. Onun evində axtarış aparılıb, şəxsi əşyaları, kompüteri götürülüb. Ona qarşı dövlətə xəyanət maddəsilə cinayət işi açılıb.
İyunun 20-də keçirilən məhkəmə prosesində dövlət ittihamçısı deyib ki, Səmədovun ittiham edildiyi maddə, yəni “dövlətə xəyanət” üzrə təqsiri sübut edilib və o, 16 il azadlıqdan məhrum edilməlidir.