Azərbaycan Xalq Partiyasının sədirliyində dəyişiklik olub

Azərbaycan Xalq Partiyasının sədri səlahiyyətlərini həmin partiyanın sədr müavini Qiyas Sadıqov icra edəcək.
Bu barədə iyunun 16-da həmin partiyanın sədri Pənah Hüseyn sosial şəbəkədəki hesabından bildirib. O, sosial hesabında sərəncamının mətnini yayıb.
Pənah Hüseyn daha sonra yerli mediaya açıqlamasında qeyd edib ki, o, partiyalarının sədri olaraq qalır. “Bu addım istefa anlamına gəlmir və sadəcə olaraq, içərisində olduğum prosesdə fəal iştirak etmək məqsədilə atılıb. Yeni sədrin seçilməsinə gəlincə, nizamnaməyə uyğun olaraq, bu, partiyanın qurultayında həll olunması nəzərdə tutulan məsələdir", – o bildirib.
Siyasətçi "içərisində olduğu siyasi proseslər" dedikdə nəyi nəzərdə tutduğunu açıqlamayıb.
Keçmiş baş nazir Pənah Hüseynin hələ ötən ilin sentyabrında partiya sədrliyindən istefa verə biləcəyi barədə xəbərlər yayılmışdı.
O sonra da mediaya bunları bildirmişdi: “Bu barədə “İdarə Heyətində müzakirələr apara bilərik” demişəm. İstefa verməyim barədə yayılan məlumatlar həqiqətə uyğun deyil”.
Həmin məsələ Azərbaycanda parlament seçkilərindən, P.Hüseynin parlamentə düşməsinin mümkün olmadığı bəlli olduqdan sonra gündəmə gəlmişdi.
Pənah Hüseyn 1957-ci ildə doğulub. Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından sayılır. Əbülfəz Elçibəyin Prezidentliyi dövründə təqribən 2 ay (1993-cü il) Azərbaycan Baş naziri postunu tutub. Ondan əvvəl isə 11 ay dövlət katibi postunda çalışıb. 2005-2010-cu illərdə Milli Məclisdə təmsil olunub.
O 1998-ci ildə Xalq Partiyasının təsisçiləri arasında yer alıb və bir il sonra həmin partiyanın ilk qurultayında sədr seçilmişdi.