Jurnalist Polad Aslanov saxlanıldığı Cəzaçəkmə Müəssisəsindəki şəraitdən şikayət edir

Həbsdə olan jurnalist Polad Aslanov saxlanıldığı 15 saylı Cəzaçəkmə Müəssisəsindəki şəraitdən şikayət edir. 

Bununla bağlı Ombudsman Aparatının nümayəndələri iyunun 15-də Aslanovla müəssisədə görüşüblər. 

Bu barədə jurnalistin həyat yoldaşı Gülmirə Aslanova Toplum TV-yə məlumat verib. 

O bildirib ki, Aslanov saxlanıldığı şəraiti Ombudsmanlıq işçilərinə “əyani şəkildə” göstərib. 

“Saxlanıldığı kamerada 5 məhbus döşəmənin üzərində, məhbusların ayaqları altında yatır”, - Aslanova deyir. 

Həyat yoldaşının sözlərinə görə, Aslanov Ombudsmanlıq işçilərinə bildirib ki, o, saxlanılma şəraiti ilə bağlı müəssisə rəisi Rəşad Əhədova və Ədliyyə Nazirliyinə dəfələrlə müraciət edib, lakin cavab almayıb. 

Aslanova, həmçinin, həyat yoldaşının 2019-cu ildə həbs olunandan müayinə və müalicə olunmaq üçün etdiyi müraciətlərin cavabsız qaldığını deyib. 

“Bu il bir aydan artıq tibb məntəqəsində saxlanılıb, amma müayinə etməyiblər, ancaq qidalandırıcı sistem və əsəblərinin müvəqqəti sakitləşməsi üçün "Be" qrupu vitamin preparatları verməklə kifayətləniblər”, - o qeyd edib. 

Aslanov həm də onunla bağlı açılan və sonradan xitam verilən cinayət işləri ilə bağlı qərarların ona və ya vəkilinə verilməməsindən şikayət edib. Bu işlərdən biri Aslanov Bakı İstintaq Təcridxanasında saxlanıldığı vaxt işgəncəyə məruz qalması ilə bağlı olub. 

“Bütün işlərdə xitamla bağlı qərarları ona görə vermirlər ki, Polad qərardan yerli və Avropa məhkəməsinə müraciətlər edə bilməsin. Polad özünümüdafiə hüququndan məhrum olunur” - həyat yoldaşı bildirir. 

Polad Aslanov 12 iyun 2019-cu ildə casusluq ittihamı ilə 16 il azadlıqdan məhrum edillib, daha sonra Ali Məhkəmənin qərarı ilə cəzası 13 ilə qədər azaldılıb.

Aslanov ittihamları rədd edir, hökumətdə korrupsiya faktlarını ifşa etdiyinə görə təqib edildiyini bildirir.

Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. 

Avropa İnsan Hüquqları Məhkəməsi onun həbsinin qanunsuz olduğunu təsdiq edib və təzminat təyin edib. Azərbaycan hökuməti də təzminatı ödəyib.

 

ToplumTV