Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verilib

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH)  Milli Şuranın mitinqlə bağlı müraciətini cavablandırıb.
 
Qurum bildirir ki, oktyabrın 19-da saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 may küçəsi "Neftçi İdman Klubu"nun Qaradağ təlim - idman bazasında mitinq keçirilə bilər.
 
BŞİH mitinq təşkilatçılarının təklif etdiyi yerlərdə aksiya keçirməyi məqbul sayılmayıb. Qurumun təşkilatçılara göndərdiyi cavabda deyilir:
"Metronun "Nəriman Nərimanov” stansiyası qarşısındakı parkda toplanmaq ictimai təhlükəsizliyin təmin edilməsi baxımından çətinlik yaradar. Eyni zamanda Bakı Şəhər Baş Polis İdarəsindən Bakı Şəhər İcra Hakimiyyətinə daxil olan məktuba əsasən, sizin mitinq keçirilməsi üçün qeyd etdiyiniz ərazilərin nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi, həmçinin əhalinin daha sıx fəaliyyətdə olduğu metro çıxışları yaxınlığında olması toplantıda iştirak etməyən digər insanların sərbəst hərəkətinə problemlər yaradacağı, həmin ərazilərdəki ticarət, ictimai-iaşə, xidmət obyektlərinin iş ahənginə ciddi maneələr törədəcəyindən göstərilən yerlərdə mitinqin keçirilməsi insanların təhlükəsizliyinin təmin edilməsində çətinliklərin yaranmasına səbəb olacaq”.
 
Mitinqin təşkilatçılarından olan, Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu da bu barədə feysbuk hesabında yazıb.
 
Bildirib ki, onu və digər mitinq təşkilatçılarını Bakı Baş Polis İdarəsinə dəvət ediblər: "İndicə Bakı Baş Polis İdarəsindən zəng edərək, mən də daxil olmaqla 19 oktyabr mitinqinin təşkilatçılarını saat 17-yə ora dəvət etdilər. Sözarası bildirdilər ki, təşkilatçılardan biri İlham Hüseynə zəng çatmır, tapıb ona da deyim. Dedim ki, onu polis bölmələrində axtarın, sizinkilər saxlayıblar".
 
AXCP partiyasının sədri Əli Kərimli feysbukda qərara münasibət bildirib.
 
Ə.Kərimli yazıb ki, Lökbatan mitinq yeri ola bilməz: "19 oktyabr mitinqi keçiriləcək! Rejim növbəti dəfə Konstitusiyanı pozdu. Bakı Şəhər İcra Hakimiyyəti 19 oktyabr mitinqini Lökbatanda keçirməyi təklif edib. Əvvəlcədən demişdik, Lökbatan mitinq yeri ola bilməz. Ümumiyyətlə Bakı Şəhər İcra Hakimiyyəti mitinqin yerini və vaxtını dəyişə bilməz. Biz Konstitusiyaya uyğun olaraq Bakı Şəhər iİcra Hakimiyyətini xəbərdar etmişdik ki, Milli Şura olaraq mitinqimizi 19 oktyabr, saat 15:00-da 28 may metrosunun qarşısındakı meydanda keçirəcəyik".
 
"Həmin vaxtda, həmin yerdə (həmin yerə nə qədər yaxınlaşa bilsək) mitinqimizi keçirib, şüarlarımızı səsləndirəcəyik. Mitinqimiz istisnasız olaraq dinc olacaq. Xalqımız dinc, lakin kütləvi mübarizəyə sədaqətini göstərəcək. Xalqımız konstitusion hüququnun məmurlar tərəfindən əlindən alınması ilə barışmamalıdır!" - , deyə o əlavə edib.