Milli Məclisin iyul iclaslarının vaxtı AÇIQLANDI

Bu gün bəzi Kütləvi İnformasiya Vasitələri Milli Məclisin iyul ayı üçün təcili növbədənkənar sessiya çağırdığı barədə xəbər yayıb.

Xəbərin az qala sensasiya kimi təqdim olunması Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlunun etirazına səbəb olub. 

O, məsələ ilə bağlı Modern.az-a açıqlama verib:

“Heç bir təcili iclasdan söz gedə bilməz. Sadəcə olaraq, Milli Məclisin növbədənkənar sessiyası adi qaydada hələ davam edir və nöbədənkənar sessiyanın daha bir neçə iclası keçiriləcək. Növbəti iclaslar iyulun 9-12-si üçün nəzərdə tutulub. Həmin vaxtda növbəti iclasların keçirilməsi gözlənilir”.

 Qeyd edək ki, parlamentin iyulda iclas keçirəcəyi əvvəldən də məlum idi. Son illərdə növbədənkənar sessiya dövrü iyul ayını əhatə etməyib, sessiya adətən iyunda başa çatırdı. Bu il ilk dəfə iyulda iclas keçiriləcək.

İyunun 13-14-də və 27-də parlamentin növbədənkənar iclasları olub.

Xatırladaq ki, qanunverici orqanın yaz sessiyası mayın 31-də başa çatıb.